“Bu ifadələri işlədərkən yan-yörəsinə, ətrafına diqqətlə baxsın” “Bu ifadələri işlədərkən yan-yörəsinə, ətrafına diqqətlə baxsın”

Rauf Arifoğlu Cəmil Həsənlini ittiham etdi

“Bu ifadələri işlədərkən yan-yörəsinə, ətrafına diqqətlə baxsın”




"Cəmil Həsənli mən zəng edən vaxt qəbiristanlıqda olub, amma sonra mənə zəng aça, görüşə, danışa bilərdi. Cəmil Həsənli o məsələləri bizə irad tutur ki, onlar əslində bizim işimiz, fəaliyyətimizdir".

Bunu APA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu söyləyib.

Qeyd edək ki, Milli Şuranın sədri C. Həsənli AzNews.az-a müsahibəsində bir daha "Yeni Müsavat" qəzetinin Milli Şuraya münasibətdə dağıdıcılıq funksiyası yerinə yetirdiyini bəyan edib. O, Rauf Arifoğlunun zənginə haqsız olduğu üçün cavab vermədiyi barədə baş redaktorun söylədiklərinə də toxunub.

C. Həsənli həmin vaxt qəbiristanlıqda dəfndə olduğunu, cavab verməyə imkanı olanda isə ona qarşı baş redaktorun yazısının artıq qəzetin saytında qoyulduğunu, nəyisə izah etməyin elə bir mənasının qalmadığını bildirib. C. Həsənli onu da əlavə edib ki, Milli Şuranı Rusiyanın layihəsi hesab edənlərin məhz özləri Azərbaycan hakimiyyətinin layihələridir, kimin hansı çeşmədən su içdiyini yaxşı bilirlər.

R. Arifoğlu isə açıqlamasında deyib ki, indi də C. Həsənlini dinləməyə hazırdırlar: "Bizim Cəmil Həsənliyə münasibətimiz dəyişməyib, onun açıqlamasının bir fraqmentinə münasibət bildirmişik. Cəmil Həsənliyə sayğımız qalır. O, təşəbbüs göstərmədi, inşallah, qismət olsa, biz təşəbbüs göstərib, onunla görüşərik. Gözləyirdik ki, təşəbbüsü o göstərəcək, tərəfləri, didişənləri, çəkişənləri, ittiham edənləri sakitləşdirməyə çalışacaq. Amma özü bu prosesə qoşulduğu üçün gərək artıq təşəbbüs biz tərəfdən gəlsin. Münasib bildiyimiz vaxtda Cəmil Həsənliyə yenə zəng edəcəyik. Yas yerində, yaxud başqa bir yerdə olmasa, yəqin, bu dəfə zəngimizə cavab verər".

Baş redaktor vurğulayıb ki, Müsavat Partiyasını, bu partiyanın üzvlərini, "Yeni Müsavat" qəzetini Azərbaycan hakimiyyətinə işləməkdə günahlandıranların özləri qısa müddət öncəyə, 1-2 il əvvələ qədər hakimiyyətin xidmətində olanlardır: "Mənim üçün maraqlıdır ki, onlar hansı mexanizmlə özlərini haqlı çıxarırlar? Onların bəzilərinin çıxışları, videoları, iqtidar haqqında tərifləri, eyni zamanda müxalifət haqqında söyüşləri, təhqirləri yayılır. Bizim tərcümeyi-halımızda isə hakimiyyətə münasibətdə bir cümlə belə liberal tərif yoxdur. Bu sözlər birbaşa Rüstəm İbrahimbəyov və bizi hakimiyyətə işləməkdə suçlayan digərlərinə aiddir. Cəmil Həsənliyə də təklif edərdim ki, bu ifadələri işlədərkən yan-yörəsinə, ətrafına diqqətlə baxsın".

Xatırladaq ki, Milli Şuranın fəxri sədri R. İbrahimbəyov da Müsavat Partiyasını hakimiyyətin maraqlarına xidmət etməkdə ittiham edib.

AzNews.az