00:36
(077) 610-22-33

AŞPA-da Suriya qaçqınları müzakirə ediləcək

  • >
651 24 Yanvar 2014 10:24 | Siyasət

Milli Məclisin 11 deputatı Avropa Şurası Parlament Assambleysının (AŞPA) iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleysının (AŞPA) Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail İbrahimli, Elxan Süleymanov və Aydın Abbasov qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 26-da adıçəkilən ölkəyə gedəcəklər.

AŞPA –nın qış sessiyasında dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq.

"Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək", "İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti", "Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması", "Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi", "Avropadakı miqrantların problemləri" və s. mövzularda məruzələr dinləniləcək.

Fikir mübadiləsi aparılacaq. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək. İclasda "İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" məsələsi gündəmdə olacaq. "Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi" mövzusu nəzərdən keçiriləcək.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Qeyd edək ki, deputatların səfəri fevralın 1-də başa çatacaq.

Amid
AzNews.az
Bağla X