11:46
(077) 610-22-33

Fərəc Quliyev: “XVll əsr deyil ki, jurnalistləri döyək, daş-qalaq edək”

  • >
719 24 Avqust 2012 19:14 | Siyasət

Millət vəkili Çingiz Qənizadə qəzetləri məhkəməyə çəkən məmurlara barışıq təklif edib.


Ç.Qənizadə məmurların mətbuata təzyiqindən narahat olduğunu bildirib: "Mətbuata qarşı astronomik məbləğli iddiaların qaldırılması düzgün deyil və iddiaçının haqlı olduğu fikrinə əsas vermir. Ayrı-ayrı nazirliklər bu cür iddiaları vaxtaşırı qaldırırlar. Bu iddialar və kökündə duran cərimələr mətbuat üçün problem yaradır. Mən mətbuatı da ədalətli olmağa çağırıram. Mətbuatın faktları araşdırmadan kiminsə biznes, ictimai, siyasi və sair maraqlarına zərbə vuran, həqiqətə söykənməyən informasiyaları tələm-tələsik çap etməsindən narazıyam. Bütün bunları toplayan məmurlar dərhal məhkəməyə müraciət edir və həmin mətbu orqandan külli miqdarda təzminat tələb edir".

Millət vəkili Fərəc Quliyev də AzNews.az-a açıqlamasında Çingiz Qənizadənin təklifini müsbət dəyərləndirib. O, bildirib ki, mətbuatla dövlət məmurları arasında sülhün olması vacibdir: "Məmurlar jurnalistlərə şərait yaratmalıdır. Jurnalistlər də şər, böhtan tipli yazıları dərc etməkdən çəkinməlidirlər, tənqidi yazılar təhqirə keçməməlidir. Ümumiyyətlə, reket jurnalistikasına son qoyulmalıdır. Bu konfliktləri əsasən şou yaratmağa meylli olan mətbu orqanlar yaradırlar. Bu məsələdə məmurları da başa düşmək lazımdır. Bir məmurun şərəf və ləyaqəti təhqir olunursa, onun məhkəməyə müraciət etmək hüququ var. Hesab edirəm ki, məmurlar tənqidə dözümlülük göstərməlidirlər, jurnalistlər də peşələrinin həddini bilməlidirlər. XVll əsr deyil ki, jurnalistləri döyək, daş-qalaq edək?! Mən çalışıram ki, jurnalistlərlə konfliktim yaranmasın. Heç vaxt mətbuat mənə qarşı qərəzli davranmayıb. Bəlkə də mən daha dözümlüyəm. Azərbaycanda peşəkar jurnalist məktəbləri olmalıdır. Bu işlər ənənəvi şəkildə aparılmalıdır".


İlkin

AzNews.az



Bağla X