08:31
(077) 610-22-33

Qarabağdakı hərbi təlimlərinin arxasındakı gizlinlər

  • >
608 29 Avqust 2012 10:38 | Siyasət

Düşmən güc nümayiş etdirir, cəbhə xəttində vəziyyətə nəzarət etməyə çalışır və narkotik biznesini ört-basdır edir



Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər. Məlumata görə, təlimlər iki gün öncə səhər saat 10:30 da başlayıb və Ağdam rayonun işğal altında olan Uzundərə ərazisində keçirilir. Təlimlər başlayan gün ərazidən 20-yə qədər güclü partlayış səsi eşidilib. Partlayış səsləri Ağdamla yanaşı, Tərtər və Ağcabədi rayonlarının cəbhəyanı ərazilərindən aydın eşidilir. Təlimlərdə əsasən ağır artilleriyadan istifadə edilir.

Qeyd edək ki, Qarabağda separatçıların keçirdikləri bu təlimlər ilk deyil. Bir neçə gün bundan əvvəl də ermənilər işğal altında olan torpaqlarımızda analoji tədbirlər düzənləmişdilər. Qısa müddətdə belə bir addımın atılmasının hansı səbəbləri var? Erməni tərəfi deyir ki, məqsədləri "ordu"larının döyüş hazırlığını yüksəltməkdir. Əslində isə vəziyyət tamam başqadır. Burada diqqəti çəkən üç əsas məsələ var ki, onları bir-bir sıralayacağıq.

İlk məsələ belədir ki, düşmən tərəf hərbi güc nümayiş etdirərək, Azərbaycana bu sahədə üstün gəlməyə çalışır. Çünki danışıqlar prosesində hərbi üstünlüyün kimin tərəfində olması çox önəmli faktorlardan biridir. Hazırda Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar demək olar ki, dayanıb. Bəzi ekspertlərə görə, proses ən yaxşı halda 2014-cü ildə canlanacaq. Lakin müəyyən siyasi dairələrin qənaəti budur ki, payızdan etibarən danışıqlar yenidən bərpa olunacaq və erməni tərəfi ilə sülh sazişi ətrafında müzakirələr davam etdiriləcək. Böyük ehtimalla ikinci versiya daha doğrudur. Çünki həmişə yay aylarında Qarabağla bağlı danışıqlar minimuma enir. Və həmin dönəmə qədər tərəflərin özlərini toparlaması və üstünlüklər əldə etməsi vacib şərtlərdən biri hesab olunur. Qarabağda yerləşmiş erməni separatçıları da bu faktoru nəzərə alaraq, yeni silaha və "güclü ordu"ya malik olduqlarını nümayiş etdirmək üçün davamlı olaraq hərbi təlimlər keçirlər. Bu ən yaxşı halda bir atalar misalını daha çox xatırladır: İtə deyirlər ki, niyə hürürsən? Cavabında deyir ki, qorxuduram. Bəs, quyruğun niyə əsir - sualına isə "Axı, özüm də qorxuram" cavabını verir.

Lakin buna paralel olan ikinci bir səbəb daha var. O da son dövrlər cəbhə xəttində baş verən son olaylarla bağlıdır. Belə ki, hal-hazırda hər gün atəşkəs rejimi pozulur və erməni tərəfi itki ilə üzləşir. Proses o qədər intensivləşib ki, təkcə Qarabağ cəbhəsində deyil, həmçinin, Ermənistan-Azərbaycan sərhəddində də gərginlik yaranıb. Son 6 ay ərzində erməni tərəfinin 40-dan artıq itki verməsi və bir neçə strateji obyektləri əldən buraxması onlar üçün çıxılmaz vəziyyət yaranıb. Xüsusən də Kəlbəcər və Goranboy istiqamətində Azərbaycan Ordusunun son dövrlər daha aktivliyi ermənilər üçün başağrısına çevrilib. Belə olan vəziyyətdə erməni tərəfi bəzi addımlar atmaq məcburiyyətindədir. Onlardan biri də hərbi təlimlər keçirməklə cəbhə xəttində vəziyyətə nəzarəti ələ almaqdan ibarətdir. Amma bunun "ucuz" variant olduğu da şübhəsizdir. Çünki hal-hazırda Azərbaycan Ordusu yetərli qədər güclüdür və ermənilərin sıradan bir hərbi təlimi ilə üstünlüyü ələ almaq istəməsi mümkün deyil.

Ermənilərin üçüncü niyyəti isə Dağlıq Qarabağdakı narkotik maddələrin dövriyyəsi ilə bağlıdır. Azərbaycan tərəfi uzun illərdir beynəlxalq təşkilatlar qarşısında bununla bağlı məsələ qaldırıb. Vəziyyət belədir ki, separatçılar işğal altındakı torpaqlarımızda iri narkotik bitkilərin plantasiyasını salıblar. Hər il cəbhə xəttində baş verən yanğınlar da məhz bunun əlamətlərindən biri hesab olunur. Belə ki, erməni tərəfi narkotik maddələr yığıldıqdan sonra izi itirmək üçün həmin plantasiyaları yandırırlar.

Sual oluna bilər ki, hərbi təlimlərlə bunun nə kimi bağlılığı var? Məsələ də elə odur ki, ermənilər həddindən artıq bic davranırlar. Onların hərbi təlimlər keçdikləri ərazilərə diqqət yetirsək, yanğınların hər il məhz oradan başladığını görərik. Bu isə o deməkdir ki, separatçılar hərbi təlimlər zamanı hansısa ərazinin yana bilməsini əsas gətirərək, işi ört-basdır etməyə nail olurlar.

Beləliklə, düşmən Qarabağda hərbi təlimlər keçirməklə üç əsas hədəfinə çatmağa çalışır. Onlardan ilk ikisinin mümkün olması inandırıcı deyil. Amma narkotiklərlə bağlı olan hissə real nəticə əldə etməyə şərait yaratmaqdadır. O səbəbdən də yaxın günlərdə cəbhə xəttində yanğınların baş verərsə, kimsə təəccüb etməsin.

P.S. Ermənilərin narkotik ticarəti ilə bağlı maraqlı araşdırmanı yaxın günlərdə diqqətinizə çatdıracağıq.

Fikrət Fəraməzoğlu
AzNews.az
Bağla X