10:31
(077) 610-22-33

İsrail Azərbaycanda terror təhlükəsi xəbərdarlığı etdi

  • >
795 6 Sentyabr 2012 10:24 | Siyasət

İsrail xüsusi xidmət orqanları Azərbaycanda bu ölkənin futbol yığmasına qarşı terror ehtimalının olmasını açıqladı


İsrail xüsusi xidmət orqanları Bakıda bu ölkənin futbol yığmasına qarşı terror aktının törədilə biləcəyi barədə xəbərdarlıq edib. APA-nın "newsru.co.il." saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Yığmanın üzvlərinə oteli tərk etmək qadağan edilib, komandanın oteldən ancaq xüsusi avtobusla mühafizə altında stadiona məşqə getməsinə icazə verilir.

İsrail KİV-inin məlumatında deyilir ki, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunu üçün Bakıya gələn İsrail yığmasının mühafizəsi məqsədilə Azərbaycan hüquq-mühafizə orqanları da gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Futbolçuların qarşılanması zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun bir hissəsi bağlanıb, aeroport təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. İsrail mətbuatının yazdığına görə, aeroportdan otelə yollanan avtobusu yolboyu onlarla post-patrul maşını və polis helikopteri müşayiət edib.

Qeyd edək ki, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-İsrail qarşılaşması sentyabrın 7-də olacaq.

Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ilin əvvəlində İsrail diplomatlarına və yəhudi obyektlərinə qarşı terror cəhdlərinin qarşısının alındığı barədə məlumat yayıb. İsrail xüsusi xidmət orqanları isə dünən Kipr, Yunanıstan və Tailand hökumətlərinə müraciət edərək, terror təhlükəsi ilə əlaqədar İsrail obyektlərinin mühafizəsini gücləndirməyi xahiş edib.

AzNews.az
Bağla X