12:13
(077) 610-22-33

Mirmahmud Mirəlioğluna qarşı çıxan Qaya Əliyev cəzalandırıldı

  • >
997 10 Sentyabr 2012 10:04 | Siyasət

Bir müddət əvvəl Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Qaya Əliyev Xalq Cəbhəsinin iki cinahının bir partiyada birləşməsini təklif etmişdi. Bu təklifdən digər partiya sədrləri kimi Mirmahmud Mirəlioğlu da narazı qalıb. Mirəlioğlu mətbuata açıqlamasında Qaya Əliyevin onun müavini olmadığını deyib. Hətta partiyanın rəsmi saytı kxcp.org-dan da Q.Əliyevin adı çıxarılıb.

Qaya Əliyev AzNews.az-ın baş verən olaylardan sonra fəaliyyətini davam etdirib-etdirməyəcəyi sualına belə cavab verib: "Heç bir avtoritar repressiv addım, inzibati metod mənim siyasi fəaliyyətimi dayandıra bilməz. KXCP heç kəsin şəxsi əmlakı deyil, qapalı səhmdar cəmiyyət deyil, o xalqındır, sadəcə onu xalqa qaytarmaq lazımdır. Mən partiyanın salındığı labirintdən, dirəndiyi dalandan, bu antidemokratik siyasi kursdan xilas etmək üçün çalışacam. Mənim üçün mövqe, funksionerlik, müavinlik, post anlayışları məqsəd deyil, xalqımıza xidmət etmək üçün vasitədir. Əsas məsələ KXCP-də demokratik mühitin yaradılması, partiyanın Rəsulzadə-Elçibəy yoluna qaytarılmasıdır".

Partiya funksioneri əlavə edib ki, müəyyən bir narazılıq və ya konflikt yarananda ağsaqqal odun üstünə su səpər, amma indi görürük ki, ağsaqqal özü adi bir təklifi od-alovla qarşılayır və daha sonra kimlərisə öyrədib bu alovun üzərində benzin tökdürür: "Mənim Mirmahmud bəylə heç bir şəxsi problemim yoxdur. Hətta sonuncu dəfə onu ad günü münasibətilə sosial şəbəkələrdə də təbrik etmişdim. Şəxsinə də hörmətim var. Böyük yunan filosofu Aristotelin çox gözəl bir sözü var. Aristotel deyir ki, Platon mənim dostumdur, mənə əzizdir, amma, həqiqət mənə dostumdan daha əzizdir. Funksionerlərin partiya sədrinə qarşı birləşməsindən daha çox partiyanın siyasi taleyinə biganə olmayan funksionerlərin KXCP-nin rəhbərliyi tərəfindən salındığı vəziyyətdən narahatlıqlarını ifadə etməsindən söhbət gedə bilər. Bizim sədrlə şəxsi qərəzliyimiz və ya individual mənafe toqquşması kimi bir problemimiz yoxdur".

İlkin
AzNews.az
Bağla X