15:22
(077) 610-22-33

Soçidən sonra Qazaxda vəziyyət necədir?

  • >
2 553 11 Avqust 2014 18:28 | Siyasət

Cəbhə xəttində sakitlikdir...
Xəbər verildiyi kimi, avqustun 10-da Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli Qarabağ danışıqları aparılıb. İctimaiyyəti maraqlandıran məsələlər dövlət başçıları tərəfindən geniş müzakirə edilib.

Rusiya lideri, eyni zamanda prezidentlər münaqişənin həlli ilə bağlı beynəlxalq formata üstünlük verdiklərini söyləyib. Sitat: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq formatlarına hörmətlə yanaşır və həmin danışıqlarda bundan sonra da iştirak edəcək. Amma Rusiya Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərinin xüsusi xarakterindən münaqişəni həll etmək üçün yararlanmağı da planlaşdırır".

Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev problemi dinc yolla həll etməyin vacibliyini vurğulayıb. O bildirib ki, münaqişə çox uzanıb və həllini tapmalıdır.

"BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Orada dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüf olsun ki, artıq 20 il keçib, ancaq qətnamələr kağız üzərində qalıb".

Məlumunuz olduğu kimi Qazax da Azərbaycanın Ermənistanla sərhəddə yerləşən rayonlarından biridir. Son hadisələr demək olar ki, baş gizir İsa Almazovun Qazaxın Kəmərli kəndində şəhid düşməsindən sonra başladı.

Bundan sonra eyni zamanda Qazaxın Quşçu Ayrım, Məzəm, Abbasbəyli, Bala Cəfərli kəndləri istiqamətində Azərbaycanın mövqeləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Şanlı Ordumuzun sayəsində qarşı tərəf layiqincə susduruldu.

Buna baxmayaraq müəyyən qüvvələr insanları panikaya salmağa çalışdılar. "Qazaxın kəndləri boşadılır", "Sərhəd kəndlərdə adam qalmayıb" kimi xəbərlər insanların rahatlığını pozdu. Ancaq hər kəs müharibə başlayacağı təqdirdə döyüşəcəyini bəyan etdi. Dezo informasiyalar Müdafiə Nazirliyi və yerli KİV nümayəndələri təkzib edildi.

Hazırda cəbhədə axşamlar ara-sıra atışma olsa da, ümumilikdə sakitlikdir. Sərhəd kəndlərində insanlar yerindədir.

Qazax rayonunda böyükdən tutmuş kiçiyə kimi hər kəsin sözü-söhbəti danışıqlardır.

Ölkə başçısının Soçi səfərinin uğurlu olduğuna, torpaqlarımızın tez bir zamanda onun da dediyi kimi "dinc yolla" qaytarılacağına inanırlar. Əks təqdirdə müharibənin vacibliyini vurğulayırlar. Qoca, cavan fərq etməz, hamı bir nəfər kimi silah götürüb son damla qanlarına kimi vuruşacaqlarını bildirirlər.(Müsavat)

AzNews.az
Bağla X