18:53
(077) 610-22-33

İctimai Palata buraxılır

  • >
602 21 Sentyabr 2012 12:23 | Siyasət

Gülağa Aslanlı: "Yeni qurum yaratsınlar, o güclü olarsa, ondan zəif olan qurum buraxıla bilər"



Xəbər verildiyi kimi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında deyib ki, İctimai Palatadakı (İP) ciddi problemlərin həll edilməsi yollarından biri də İP-nin buraxılması və yeni qurumun yaradılmasıdır: "İctimai Palata seçki blokuna çevrilə bilər, yəni İctimai Palatadakı ciddi problemi həll etmək üçün yollardan biri İP-ni buraxmaqdır".

İP-də baş verən son proseslərə münasibət bildirən ADP sədri qeyd edib ki, İP-dəkı proseslər qabaqcadan proqnozlaşdırılmışdı: "Seçkilər yaxınlaşdıqca, təkcə İP-də deyil, bütün təşkilatlarda, bütün bloklarda müəyyən problemlər üzə çıxacaq, seçki maraqları qabaracaq. Ona görə də, İP-dəki prosesləri normal qəbul edirəm, burada qeyri-adi bir şey yoxdu".

Məsələyə münasibət bildirən Müsavat başqanının müavini Gülağa Aslanlı AzNews.az-a belə şərh verdi: "Bizim müxalifət saydığımız dostlarımız da bəzən öz mənafelərini ümumi Azərbaycan maraqlarından üstün tuturlar. Yeni qurum yaratsınlar, o güclü olarsa, ondan zəif olan qurum buraxıla bilər. İndiki halda İctimai Palatadan güclü qurum yoxdursa, bu haqda fikir söyləmək düzgün deyil. Yeni qurum yarananda danışarıq. Biz başqa təşkilat yaratmaq fikrində deyilik. İP daxilində baş verənlər barədə deyə bilərəm ki, İP-də heç bir parçalanma yoxdur. Hətta Koordinasiya Şurasından bir neçə nəfərin istefa verməsi də İctimai Palatanı dağıda bilməz. İP-ni dağılır kimi qələmə vermək siyasi etikadan kənardır".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nürəddin Məmmədli isə cavab verməkdən yayındı və fikrini belə əsaslandırdı: "Bu cür məsələlərə münasibət bildirmirəm. Sərdar Cəlaloğlunu da yaxşı tanıyıram. Bu, onun müstəqil fikridir. Hər kəs düşündüyünü dilə gətirə bilər. Burada şişirdiləcək bir şey yoxdur".

İlkin
AzNews.az
Bağla X