Deputatın yerinə başqası səs verə bilərmi?- Keçmiş millət vəkilindən açıqlama

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun "Milli Məclisdə bir deputatın səsə qoyulan məsələ ilə bağlı digər həmkarının yerinə səs verməsi normaldır" açıqlaması birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən keçmiş millət vəkili, Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, bəzi ölkələrdə belə qayda mövcud olsa da, Azərbaycan Respublikasının Milli Məclisinin daxili nizamnaməsinə görə millət vəkilinin əvəzinə başqası səs verə bilməz: "Deputat dövlət əhəmiyyətli işlə bağlı harasa gedirsə, qanunverici orqanın rəhbərliyinə yazılı etibarnamə verir ki, onun yerinə səs verilsin. Bu qayda çox az ölkələrdə mövcuddur. Amma bizim parlamentin daxili nizamnaməsində belə bir şey nəzərdə tutulmur və bu, qeyri-mümkündür. Maraqlıdır ki, buna görə heç bir hüquqi məsuliyyət də müəyyən edilməyib. Ən yaxşı halda ictimai qınaq ola bilər. Təbii ki, bu,qanunda boşluqdur".

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin iclası zamanı texniki işçinin səsvermə zamanı deputatların yerinə səs verməsi mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

İntiqam Valehoğlu
AzNews.az