Dünya xalqlarının çay mədəniyyəti - MARAQLI

Çay yaşam həyatımızın ayrılmaz hissəsidir. Süfrəmizi onsuz təsəvvür etmək mümkün deyil. Amma Azərbaycana kənardan gəlmiş bu mədəniyyət digər xalqlarda da özəlliyə malikdir.

Modern.az saytı dünya xalqlarının çay mədəniyyətini və adətlərini təqdim edir.

Türkiyə çayla ilk dəfə XIX əsrdə tanış olub. Lakin bundan əvvəl ölkədən kənara çıxmış türk yazıçılarının əsərlərində "çay" adına rast gəlmək mümkündür. Hacı Məhmət İzzət Əfəndinin "Çay risaləsi" bu əsərlərdən biridir. Yazıçı əsərində çayın faydalarından yazıb. Bir çox mənbələr qeyd edir ki, türklər çayla daha əvvəldən tanış olublar.

Bu gün Türkiyədə içəcək deyəndə "qəhvə" yadda düşür, lakin türklər deyir ki, çay qəhvənin taxtına çoxdan oturub. Əslində ən çox qəhvənin adı işlənsə də, bu yerlərdə çay daha çox içilir. Türklər hesab edir ki, çay qəhvədən daha ucuzdur və hazırlanması isə asandır. Çayın Türkiyədə mədəniyyət halına gəlməsi isə 1945-ci ildən başlayıb. Bu illərdə ixracat zəifləyir və qəhvə narkomanları qəhvə tapa bilmədikləri üçün çay içməyə üz tuturlar. Rizədə yetişən tünd çayı türklər sevir və həmin illərdən çay türk həyatına daxil olur.

Amerikadakı çay mədəniyyəti digər ölkələrdən fərqlənir. Amerikallılar dünyada məşhur olan soyuq çay " İce tea"ni çay əvəzi içirlər. Bu ölkədə ən çox qəhvə içilir. Amma əgər amerikalılar çay adını çəkirsə demək ki, bu adı hansısa izi buraxıb. Belə ki, Amerikada çay xüsusi dəvətlər və özəl toplantılarda servis edilir. Cənub bölgəsində isə yeməklərin yanında içkilərlə bərabər paylanılır.
Amerikada 85% soyuq çay içilir. Bu ölkədə çay tarlalarına rast gəlmək mümkün deyil.

İngiltərədə isə çay XIX əsrdə məşhurlaşıb. Bu dövrlərdən başlayaraq ölkədə çay bağçaları salındı, çay rəqsləri təşkil edildi. II Dünya müharibəsindən sonra çay bağçalarının sayı azalsa da, bu gün İngiltərədə çay mərasimləri adəti hələ də qalır.
İngiltərədə çay süfrəyə südlə verilir. Dadı qüvvətli olan çaya bol miqdarda süd və bir qaşıq şəkər atılaraq xüsusi kubok qablarında içilir. Əslində İngiltirədə çay yüksək təbəqəli insanlar üçün servis edilmir. Daha çox gün ərzində içilir. İş yerlərində işçilərə çay fasiləsi verilir. Orta hesabla İngiltərədə gündə 6 dəfə çay içilir.

Çin çayı isə müxtəlif kateqoriyalara bölünür. Yaşıl, qırmızı, ağ, qara, sarı çay olmaqla 1000-ə yaxın çay növü var. Yüz illər boyunca Çində çayı buxarladıb içirdilər. Amma sonradan çayı qurutmağa başladılar.
Qədim çay mədəniyyətini qoruyub saxlandığı bu ölkədə çay festivallarını da canlı izləmək də mümkündür.

Cənubi Afrikada çay mədəniyyəti deyəndə "Rooibos" çayının adı hallanır. Lakin Afrikanın bəzi yerlərində yetişdirildiyi üçün elə də məşhur deyil. "Rooibos" çayının tərkibində kofein yoxdur və bu da sağlamlıq üçün xeyirlidir. Buna görə də bu çayın bazarda gələcəyi parlaq görünür.

Somalidə isə çayın qəribə rəvayəti var. Belə ki, əvvəllər bu ölkədə subay qızların çay içməsinə icazə verilmirmiş. Lakin indi bu zövqdən heç kim kənarda qalmır. Bu ölkənin küçələrində kişilərə məxsus çay dəzgahlarını görmək mümkündür. Somalidə günün hər saatı çay içilir. Günorta yuxusundan sonra içilən çaya "Asariya", axşam yeməyinin yanında içilən çaya isə "Sambossa" deyilir. Somalidə çay südlə və müxtəlif ədviyyatlarla-darçın, qarabibər dənəsi ilə sərvis edilir. Bu ölkədə qonağa çay verərkən mütləq ondan nə qədər şəkər, süd və darçın istədiyi soruşulur.

Braziliyada çay mədəniyyəti Amazon bölgəsində yaşamış insanların hazırladıqları çaya dayanır. Belə ki, ölkənin ən böyük çay idxal edən bölgəsi San Paolu şəhərinin yaxınındakı sahil şəhəri Registrodur. Bu ölkədə becərilən çayın 70% Amerikaya satılır.

Pakistanda çay südlə verilir. Amma şəkər ayrıca verilir. Bu ölkədə ən çox atma çaydan istifadə edirlər. Qara çay mütləq südlə içilir, nadir hallarda südsüz içilə bilər. Yaşıl çaya isə süd qatılmır. Pakistana ən çox Keniyadan çay idxal olunur.

Hindistan bu gün dünyanın ən çox çay istehsal edən ölkələrindədir. "Drajeeling" kimi xüsusi çaylar bu ölkədə yetişdirilir.

Dünyadakı qədim çay tarlalarından bəziləri Vyetnamdadır. "Təzə çay" adəti cəmiyyət şüurunu genişləndirir və başqaları ilə hal-əhval tutmaq adətini inkişaf etdirir.

Avstraliya çay mədəniyyətini ingilislərdən götürüb. Onlar çayı südlə və kremlə içirlər.

Rusiyada çay mədəniyyəti çayla bərabər şirniyyatları ilə tanınır. Onlar çayı müxtəlif şirin un məmulatları ilə içirlər. Samovar çayı isə çay mədəniyyətlərinin ayrılmaz hissəsidir.

Fransızların çay mədəniyyəti də ingilislərə bənzəyir. Ölkədə günortadan sonra saat 4-də çay süfrəsi təşkil edilir. Çayın yanında isə qəhvə, meyvə suyu, müxtəlif peçenyelər olur. Və hər çay süfrəsində mütləq süfrədə tort olur.

AzNews.az