Rusiyada tacik dilində telekanal yayımlanmağa başladı

Rusiyada ilk tacik dilində yayımlanan "Safo" peyk telekanalı fəaliyyətə başlayıb. APA-nın verdiyi xəbərə görə, bu barədə "İnterfaks"a yeni telekanalın rus bölməsinin redaktoru Timur Varki bildirib.

Telekanal Tacikistandan Rusiyaya gələn əmək miqrantları və bu ölkədə yaşayan etnik taciklər arasında populyar olmaq niyyətindədir.

"Hazırda Rusiyada xeyli sayda tacik yaşayır. Taciklərin miqrasiyası artıq tək Tacikistanın problemi deyil. Təəssüflər olsun ki, Tacikistan hakimiyyəti onun qarşısını ala bilmir və vətəndaşlarına yardım etmək iqtidarında deyil", deyə Varki qeyd edib.

Onun sözlərinə görə, gecə-gündüz yayımlanacaq "Safo" telekanalı Tacikistandan başqa, Mərkəzi Asiyanın digər respublikaları, həmçinin İran və Əfqanıstan sakinlərinin həyatından bəhs edəcək.

AzNews.az