- Redaktor masası
- 18:27
- 1 757
Karlsenə qalib gəlməyin gözAydınlığı
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı dünya şahmatının canlı əfsanəsi, dünya çempionu və hazırda reytinq cədvəlinin lideri olan Magnus Karlsen üzərində tarixi qələbə qazanıb.
Bu nəticə həm də Azərbaycan şahmat məktəbinin növbəti böyük nailiyyəti kimi tarixə düşür. Aydın Süleymanlı Hong Konqda keçirilən Dünya Rapid və Blits Komanda Çempionatında Karlseni məğlub edərək dünya şahmat ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Bəli, bu dəqiqələrdə bütün dünya ondan danışır!
Az qala hər gün şahmat oynayan bir həvəskar şəxs olaraq deyim ki, şahmatda təsadüflərə yer yoxdur. Xüsusilə də söhbət Maqnus Karlsen kimi on ildən artıq müddətdə dünya şahmatına hökmranlıq etmiş bir rəqibdən gedirsə. Belə bir şahmatçını məğlub etmək yalnız istedadın deyil, davamlı hazırlığın, güclü ənənələrin və yüksək intellektual potensialın göstəricisidir.

Azərbaycan dünyada ən güclü şahmat ənənələrinə malik ölkələrdən biridir. Vaxtilə Harri Kasparov, sonrakı dövrdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və digər tanınmış şahmatçılar bu məktəbin şöhrətini dünyaya yayıblar. Bu gün isə həmin ənənələri Aydın Süleymanlı timsalında gənc nəslin parlaq zəkaları davam etdirir.
Əslində Aydının uğuru gözlənilməz deyil. O, hələ yeniyetmə yaşlarında Avropa və dünya çempionatlarında qızıl medallar qazanıb, nüfuzlu beynəlxalq turnirlərin qalibi olub. Süleymanlı qısa müddətdə Azərbaycanın və dünyanın ən perspektivli şahmatçılarından birinə çevrilib. Son illərdə FIDE reytinqində sürətli yüksəlişi də bunun təsdiqidir.
Bu qələbə bir daha göstərdi ki, Azərbaycan xalqının intellektual potensialı son dərəcə yüksəkdir. Dünyanın ən güclü şahmatçılarının yetişdiyi ölkələr sırasında Azərbaycanın xüsusi yer tutması təqdirəlayiqdir. Bu torpaq təkcə neft və qaz ehtiyatları ilə deyil, həm də insal kapitalı- güclü beyinləri, sözün bütün mənalarında AYDINları ilə seçilir.
Aydın Süleymanlının Maqnus Karlsen üzərində qələbəsi onu göstərir ki, Azərbaycan şahmatı yeni mərhələyə qədəm qoyur. Azərbaycanı bu mərhələyə onlarla gənc talant, o cümlədən xanım şahmatçılarımız daşıyır. Şahmatçılarımızın uğurları göstərir ki, Azərbaycanlı beyninin uğurları hələ qarşıdadır.
Təbriklər, Aydın Suleymanli!
Gözün AYDIN Azərbaycan!
Taleh ŞAHSUVARLI