"Avtobus zolaqlarında taksilərin dayanmasına icazə verilməlidir" - TƏKLİF

“Avtobus zolaqlarında taksilərin dayanmasına icazə verilməlidir. Yəni "durmaq" yox; bir saatlıq dayanmaq artıq park etmək sayılır. Amma qısa müddətli dayanma, yəni sərnişin götürmək və ya sərnişin endirmək üçün icazə verilməlidir. Taksi sifariş edən şəxs də istəyir ki, gedəcəyi yerə rahat şəkildə çatsın”.

Aznews.az xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev taksi sürücülərinin Bakıda qarşılaşdıqları problemlər və cərimələrlə bağlı danışarkən bildirdi.

“Düzdür, biz burada taksinin işini optimallaşdırmaq istəmirik. Əsas istiqamətimiz odur ki, sərnişinlər ictimai nəqliyyatdan istifadə etsinlər. Amma istisnalar var: xəstələr, hamilə qadınlar, fiziki məhdudiyyətli insanlar. Yəni təklif odur ki, dayanma-durmanın qadağan olduğu bəzi yerlərdə qısa müddətli dayanmağa icazə verilə bilər və avtobus zolaqlarında da həmçinin buna icazə verilməlidir. Amma bu, sui-istifadəyə yol açmamalıdır. Yəni orada dayanıb dəqiqələrlə sərnişin gözləmək olmaz. Sərnişin hazırdırsa, götürüb getmək, yaxud da sərnişini endirib dərhal çıxmaq lazımdır”, - deyə ekspert qeyd etdi.