“Mədətovlar mənə elə bir mənəvi ziyan vurub ki, nəslinin var-dövlətini satsa belə qarşılığını ödəyə bilməz”. “Mədətovlar mənə elə bir mənəvi ziyan vurub ki, nəslinin var-dövlətini satsa belə qarşılığını ödəyə bilməz”.

Ağasəlim Abdullayev: “Mədətovların təklifindən imtina etdik”

“Mədətovlar mənə elə bir mənəvi ziyan vurub ki, nəslinin var-dövlətini satsa belə qarşılığını ödəyə bilməz”.

Bunu AzNews.az-a avtomobil qəzası zamanı həyat yoldaşı ilə nəvəsini itirən xalq artisti, tarzən Ağasəlim Abdullayev deyib.

O bildirib ki, Mədətovlar ailəsindən gələn kompensasiya təklifindən birdəfəlik olaraq imtina edib: "Biz onlardan gələn təklifdən imtina etdik. Mənim tələbim var. Cinayəti törədən cəzasını almalıdır. Bundan sonra biz də rahat olaq, ölənlərin ruhu da. Mən dövlətə inanıram".

A.Abdullayev onu da deyib ki, iki gündən sonra hadisəni törədən Xalid Mədətova hökm oxunacaq: "İnanıram ki, ona 12 il həbs cəzası veriləcək".

Xatırladaq ki, 2014-cü il martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A. Abdullayevin həyat yoldaşı Brilliant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Onu da bildirək ki, X.Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) həmin vaxt sədr müavini olmuş Mübariz Mədətovunun oğludur.



Bahar Rüstəmli
AzNews.az