• Hadisə
  • 30 Sentyabr 15:44
  •  2 755

“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib

30 sentyabr 2024-cü il tarixində media və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektləri ilə yanaşı qeyri-hökumət təşkilatlarının müstəsna rolunu vurğulayıb. O həmçinin qeyd edib ki, belə müzakirə formatlı görüşlərin keçirilməsi ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinə, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsinə və informasiya əldə edilməsinin təmin olunmasına mühüm töhfə verməkdədir.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizənin strateji çərçivəsini müəyyən etməklə dövlət orqan və qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşdirilməsini, sistemli və əlaqəli şəkildə birgə layihələrin həyata keçirilməsini əsas prioritetlər qismində təsbit etmişdir. O əlavə edib ki, qeyd olunan yanaşmaların cəmiyyətə yüksək peşəkarlıqla çatdırılması, müasir çağırışlara uyğun effektiv məlumatlandırma mexanizminin tətbiqi baxımından media müstəsna rol oynayır və bugünkü görüş medianın bu istiqamətdə işinin daha effektiv və səmərəli qurulmasına təkan verəcək.

Görüşdə digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının fikirləri dinlənilib və təklifləri öyrənilib.

image description image description