TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib

Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

Aznews.az xəbər verir ki, Bu barədə TƏBİB-dən məlumat verilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Qeyd edək ki, saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.