• Paytaxt
  • 22 Noyabr 2018 17:38
  •  745

TÜRKPA-nın iclası Bakıda keçiriləcək

TÜRKPA-nın 8-ci plenar iclası başa çatıb.

İzmir şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası başa çatıb.

TÜRKPA-nın iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq vətənə qayıdıb.

Məlumat üçün bildirək ki, iclasda təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətləri, o cümlədən türk dünyasının birliyi və inkişafı istiqamətində fəaliyyət göstərən, TÜRKPA-ya tərəfdaş olan təşkilatların rəhbərləri iştirak edib.

Qərara alınıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu plenar iclası 2019-cu ilin sentyabrında Azərbaycanda keçirilsin.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov birgə mətbuat konfransı keçiriblər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis olunan TÜRKPA-nın ötən dövrdə böyük inkişaf yolu keçdiyini xatırladan parlament sədrləri təşkilatın qarşıya qoyduğu məqsədlərə doğru əzmlə irəlilədiyini söyləyiblər.

Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Bakıda TÜRKPA üçün hərtərəfli şəraitin yaradılması təşkilatın səmərəli fəaliyyətinə böyük təsir göstərir.

Vurğulanıb ki, TÜRKPA-nın genişlənməsi bütün üzvlərin arzu və maraqlarını əks etdirir.

Əminliklə bildirilib ki, gələcəkdə Özbəkistan və Türkmənistan TÜRKPA və türkdilli ölkələrin və xalqların birliyi naminə çalışan digər təşkilatlarda üzv kimi təmsil olunacaqlar.(teleqraf.com)

© AzNews.az