Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib
  • Paytaxt
  • 11 Dekabr 2018 15:30
  •  4 134

Azərbaycan-UNICEF tərəfdaşlığının 25 illiyinə - Poçt markası buraxıldı

Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib.

AzNews.az məlumat verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.

Mərasimdə E.Karvardin bildirib ki, UNICEF Azərbaycandakı fəaliyyətinin dörddə bir əsrini qeyd etməkdən qürur duyur.

“Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq olaraq qalır. UNICEF-in Azərbaycandakı hər bir uşaq naminə ötən 25 ildəki fəaliyyət və tərəfdaşlığını qeyd etmək üçün hökumətin bu hədiyyəsini qəbul etməkdən xoşbəxtlik duyuruq”.

Bu poçt markasında çətir altında dayanan bir uşaq silueti əks olunub. Onun əlindən tutan böyük insan əli isə dünyadakı hər bir uşaq üçün qayğı və müdafiənin vacibliyini xarakterizə edir. Məhdud sayda olan xüsusi buraxılış markalarını poçt şöbə və filiallarından, eləcə də, “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Qeyd edək ki, UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə hər bir uşağın hüquqlarını və rifahını dəstəkləyir. Bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün tərəfdaşlarıyla birlikdə 190 ölkədə fəaliyyət göstərir.

Səidə Nurməmmədli
AzNews.az