"Xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib" "Xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib"
  • Paytaxt
  • 19 Fevral 2019 22:19
  •  2 551

“Əli Kərimliyə “zamana səyahət makinası” da sərf etməz” - Prezidentin köməkçisi

"Xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsi ətrafında müzakirələr səngimir. Məsələnin aktuallığını nəzərə alıb həmin məqalənin daha bir bölümünü təqdim edirik:

“Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifətin bütün kadr potensialı “ASAN xidmət”in bircə filialını idarə etməyə qadir deyil. Onu da qeyd edim ki, bəli, “ASAN xidmət” ictimai xidmət sektorunda bir inqilabdır. Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etməyə aludə olan müxalifətin ölkəmizdə nümunəvi bir təsisatın yaranmasına qısqanc münasibəti başa düşüləndir. Axı, cəmiyyət bu günə kimi Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən dərəbəylik, dövləti talanetmə, total korrupsiya və rüşvət faktlarını unutmayıb. Ən azından Əli Kərimli vaxtilə öz hakimiyyətləri dövründə baş verənlər barədəki məlum çıxışını xatırlasın, xatırlamırsa, çıxışının stenoqramını bir daha oxusun. Buna görədir ki, Prezident İlham Əliyevin cəmiyyətdə şəffaflığın təmin edilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı barışmaz mübarizə aparması Əli Kərimliyə və onun ətrafına sərf etmir. Onlar ittiham hədəflərini itirirlər, sözləri kəsərdən düşür və daha heç kimi aldada bilmirlər. Əlləri hər yerdən üzüləndə isə XXI əsrdə rasist təfəkkürünə pənah aparır, məsələn, iddia edirlər ki, ərəb turistlərinin Azərbaycana gəlişi xalqımızı alçaldır. Niyə? 2018-ci ildə Azərbaycana 3 milyona yaxın turistin gəlməsi, ümumilikdə, 2 milyard dollardan artıq vəsait xərcləməsinin nəyi pisdir? Bütün xidmət sektorunun hərəkətə gəlməsi, əhalinin əlavə gəlir imkanlarının artmasının nəyi pisdir? Əli Kərimli və çevrəsinin nə qədər xoşuna gəlməsə də, əlbəttə bunda, Formula 1 yarışlarının, l Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının böyük rolu olub. Nədənsə, bütün bu beynəlxalq miqyaslı tədbirlər Əli Kərimlinin və çevrəsinin xoşuna gəlmir. Niyəsi də məlumdur, çünki onların işinə, istək və arzularına yaramır. Axı, bu feodal zehniyyətə Azərbaycana Avropa Oyunlarının deyil, “köhnə qitədən” bəlli çevrələrin inqilab ixracı, Suriyada, Liviyada və s. ölkələrdə olduğu kimi İslam dünyasından silahlı radikal dini qrupların gəlişi, Formula 1 avtomobilləri əvəzinə isə Bakının küçələrində tanklar və topların irəliləməsi daha uyğundur.

Hər kəsin yaxşı xatirindədir ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçilməzdən əvvəl ölkədə bütün çadır şəhərciklərinin ləğv ediləcəyini, qaçqın və məcburi köçkünlərin fərdi mənzillərlə təmin olunacağını vəd etmişdi. O zaman Əli Kərimli və onun keçmiş hakimiyyətdəki “mehriban düşmənləri” bu vədlərin yerinə yetirilməsini mümkünsüz sayır, əleyhinə təbliğat aparır, məcburi köçkünlərə fərdi evlə təmin olunmalarını hətta xəyallarına belə gətirməməyi tövsiyə edirdilər. Heç 19 yanvar mitinqi də hələ olmamışdı.

Bu sahədə görülən işlərlə bağlı bəzi rəqəmləri xatırlatmaq istəyirəm. Prezident İlham Əliyevin verdiyi vədin müqabilində keçən müddətdə məcburi köçkünlər üçün bütün infrastrukturla təmin olunmuş 100-dən artıq müasir qəsəbə salınıb, 55 min ailə, 300 mindən artıq insan rahat mənzillə təmin olunub, başqa sözlə, hətta xəyallarında belə iki daşı bir-birinin üstünə qoymağı bacarmayan müxalifətçilərin deyingənliyinə rəğmən, İlham Əliyev xalqa xidmət amalının misilsiz bir nümunəsini ortaya qoyub. Bu cür nümunələr çoxdur, həddən artıq çoxdur, statistikalar uzanmasın deyə, yalnız bir neçəsini qeyd edirəm:

- 1997-2018-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6654 mənzil təqdim edilib. O cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil verilib. Bu il isə həmin kateqoriyaya daxil olan vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur;

- 1997-ci ildən etibarən müharibə əlillərinə avtomobillər bağışlanması ənənə halını alıb və bu günə kimi artıq onlara 6144 avtomobil verilib;

- həmçinin cənab İlham Əliyevin 2018-ci ildə Prezident seçildikdən sonra verdiyi ilk Fərmanda şəhid ailələrinin hər birinə 11 min manat ödənilməsinin əks olunması (12.268 şəhidin vərəsələrini əhatə etməklə, ümumilikdə, 135 milyon manat vəsait ayrılması nəzərdə tutulur) faktdır.

Beləliklə, bu qəbildən olan faktları 19 yanvar mitinqinə bağlamaq üçün Əli Kərimlinin “zamana səyahət makinası” kəşf edərək aksiyasını özü ilə birgə keçmişə aparması da lazımdır. Ancaq heç bu da Əli Kərimliyə sərf etməz, ona görə ki, yaxın keçmişə qayıdanda da cənab İlham Əliyevi Prezident seçildiyi ilk gündən xalqın arasında görmüş olacaq. Bu gün dünyada elə ölkə rəhbərləri var ki, ancaq seçkidən-seçkiyə xalq arasına çıxır və ancaq iri şəhərlərdə, meqopolislərdə nitq söyləyirlər. Cənab İlham Əliyev isə cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olub, insanların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı anında tapşırıqlar verib. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib.

Əli Kərimli və onun kimilərinin isə ən məşəqqətli günlərində xalqı və dövləti düşmən qarşısında taleyin ümidinə buraxıb aradan çıxmaları, üzləşdikləri siyasi iflas qarşısında milləti aşağılamağa, onun mizan-tərəzisinə lağ etməyə, tarixi və ictimai şüur səviyyəsini ələ salmağa çalışmaları bir yana qalsın, ən sevincli günlərində belə, onunla eyni ovqatı, eyni emosiyanı paylaşa bilməyiblər. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgərinin şanlı zəfərini aşağılayanlar, bu qələbəyə kölgə salmaq üçün dəridən-qabıqdan çıxanlar yenə də Əli Kərimli, yenə də onun timsalında müqəddəs Azərbaycan davasından fərar edənlər idi. Fərari xislətinə malik olanlar, heç şübhəsiz, Azərbaycanın Ali Baş Komandanının Aprel döyüşləri səngiməmiş öz xanımı ilə birgə cəbhə bölgəsinə səfərini, əsgərlərimizlə bir səngərdə çiyin-çiyinə dayanmasını, ordunun şəxsi heyəti ilə bir süfrədə yemək yeməsini, bir ocaqdan çay içməsini Vətən yanğısı, işğal edilmiş torpaqlarımızın ən qısa zamanda mütləq azad ediləcəyi inamı ilə seyr edə bilməzlər. Azərbaycan hakimiyyətindən asılı olmayan səbəblər üzündən dünya bazarında neftin qiymətinin düşməsinə az qala dəf çalaraq sevinənlər, Silahlı Qüvvələrimizi iki mülki helikopterə möhtac vəziyyətdə deyil, beynəlxalq hərbi araşdırmalara görə, ən müasir cəbbəxanaya malik olmaqla, dünyanın 50 ən güclü hərbi birləşmələri sırasında görəndə, hətta zahirən də olsa, sevgi və sevinc libasına bürünə bilmirlər”.

AzNews.az