"Konfrans və sərginin iştirakçılarına uğurlar arzulayıram" - İlham Əliyevin təbrik məktubu

Tədbiri giriş sözü ilə baş nazir Novruz Məmmədov açıb

Xəbər verdiyimiz kimi bu gün, iyunun 12-də Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi" öz işinə başlayıb. Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə 91 ölkənin gömrük və şərhə xidməti orqanlarının, biznes, hökumət sektorunun 500-ə qədər nümayəndəsi qatılıb.

AzNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə baş nazir Novruz Məmmədov açıb.

Image result for novruz məmmədov

O, ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub:

"Ölkəmizin paytaxtı Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının "İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar üzrə 2019-cu il" konfrans və sərgisinin açılışı münasibəti ilə salamlayır, konfrans və sərginin iştirakçılarına uğurlar arzulayıram. Belə mötəbər tədbirin Bakı şəhərində keçirilməsini yüksək qiymətləndiririk. Öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və mövcud tranzit imkanlarını artırmaqda daim maraqlıdır. Bu sahədə irimiqyaslı infrastruktur layihələri həyata keçirərək sərmayələr qoyur. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verilmiş, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyalar qəbul edilmişdir. Cəmiyyətimiz üçün vacib olan elektron xidmətlərin təşkili, elektron hökumət üzrə geniş miqyaslı layihələrin həyata keçirilməsi, dövlət idarəçiliyimizdə səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasına təminat verir. Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır. Gömrük işi sahəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin gömrük nəzarətinin təşkilində, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi addımlar atılır və gömrük sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə xüsusi önəm verilir. Ümumdünya Gömrük Təşkilatının hər il keçirdiyi bu tədbirdə dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirilməsi beynəlxalq əməkdaşlığın zəruriliyini bir daha sübut edir. Ümumdünya Gömrük Təşkilatının smart sərhədlər üçün yeni texnologiyaları ticarət, səyahət və daşımalar üçün yeni imkanlar mövzusunda konfrans və sərgisinin ölkəmizdə keçirilməsini alqışlayır konfransın yekunları üzrə səmərəli nəticələrin əldə ediləcəyini, aparılacaq müzakirələrin və keçiriləcək görüşlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və bu sayədə yeni təşəbbüslərin meydana çıxmasına mühüm töhfə verəcəyini ümid edirəm. Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev".

Xatırladaq ki, konfrans 4 işçi dildə - Azərbaycan, rus, ingilis və fransız dillərində aparılır.

Pərvanə Ağazadə

AzNews.az