Məlumatı Prezidentin Mətbuat xidməti yayıb Məlumatı Prezidentin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 23 Oktyabr 2019 17:01
  •  1 600

İlham Əliyev Xalq artistinə “Şöhrət” ordeni verdi

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb

Azərbaycan Prezidenti İlham Əliyev Lyudmila Duxovnayanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.

Lyudmila Semyonovna Duxovnaya Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Duxovnaya Lyudmila Semyonovna Azərbaycan Respublikasının xalq artistidir. O, 23 oktyabr 1944-cü ildə Bakıda anadan olub. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirib. Həmin ildən bu teatrda çıxış edir.

Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaradıb: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış edib..

1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülüb.

AzNews.az