"Dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur" "Dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"
  • Paytaxt
  • 1 İyun 2020 23:11
  •  9 686

Prezident: "Mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir"

"Dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"

"Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir və mən onların bəziləri ilə bağlı şərhlərimi bildirəcəyəm. Peşə təlimi ilə bağlı məsələlər üzərində uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər. Buna görə də xüsusilə indi, fəal sənaye inkişafını yaşadığımız bir dönəmdə yaxşı mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı bildirib:

"Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumi daxili məsul artımının çox az – 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir. Buna görə də qeyri-enerji sektorunun sürətli artımı əminəm ki, davam edəcəkdir və bunun üçün də bizə bu biznesi apara bilən yaxşı mütəxəssislər lazım olacaqdır. Odur ki, mən peşə təlimi ilə məşğul olmağımızı çox dəstəkləyirəm və həmçinin kiçik və orta müəssisələrə yerli valyuta ilə dəstəyin göstərilməsi vasitəsilə özəl sektora dəstəyiniz də çox faydalıdır. Bildiyiniz kimi, bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir.

Suvarma ilə bağlı məsələlərə gəldikdə, sizin mənim müraciətimə cavabınız üçün minnətdaram. Mənə verilən məlumata görə, Naxçıvandakı suvarma layihəsi indi artıq razılaşdırılmağa çox yaxındır. Mənə məlumat verildi ki, kreditin ümumi məbləği təqribən 100 milyon ABŞ dolları olacaqdır. Hesab edirəm ki, bu, Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün çox faydalı olacaqdır. Biz dövlət investisiya proqramı vasitəsilə Naxçıvanın irriqasiya sahəsində inkişafına hər il sərmayə yatırırıq. Lakin əlbəttə ki, əlavə vəsait, üstəgəl, sizin mütəxəssis təcrübəniz çox faydalı olacaqdır. Bundan əlavə, sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim. Biz hazırda vəziyyəti qiymətləndiririk və çox böyük su itkiləri ilə üzləşdiyimizi görürük. Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk. Buna görə də müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılmışdır. Onlar bizim bütöv su potensialımızı qiymətləndirəcək və prioritetləri, hansı işləri görməli və hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik. Buna görə də texniki dəstək və maliyyə dəstəyi baxımından biz bu məsələ üzərində sizinlə çalışmağa məmnun olarıq".