- Siyasi müzakirə
- 30 İyun 20:01
- 1 631
Yeni Dünya Düzəni qurularkən: Rusiyanın və İranın aqressiv reaksiyası

“Hazırda dünyada ciddi geosiyasi proseslər baş verir və faktiki olaraq yeni dünya düzəni formalaşır. Bu prosesi təsdiqləyən çoxsaylı hadisələr baş verməkdədir. Rusiya-Ukrayna müharibəsi və İsrail-İran qarşıdurması bu dəyişikliklərin əsas katalizatorlarıdır. Məhz bu münaqişələr nəticəsində regional və qlobal güclərin proseslərə reaksiyası fərqli olur. Xüsusilə təsir dairələrini və nüfuz imkanlarını itirən dövlətlər bu dəyişikliklərə daha aqressiv yanaşmağa başlayıblar. Bu kontekstdə İran və Rusiya nümunə kimi göstərilə bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, beynəlxalq münasibətlər sistemində güc mərkəzləri dəyişir, rəqabət isə getdikcə daha da kəskinləşir. Regional və qlobal aktorlar maraqlarını qorumaq üçün çoxvektorlu siyasətə üstünlük verirlər. Postsovet məkanında da Moskvanın təsirindən çıxan ölkələr müstəqil siyasət yürüdür, bu isə Kremlin regiondakı mövqeyini zəiflədir və müxtəlif təzyiqlərlə müşayiət olunur.
Politoloqun sözlərinə görə, son iki ildə İranın Yaxın və Orta Şərqdəki təsir imkanları nəzərəçarpacaq dərəcədə zəifləyib.
“Onun proksi qüvvələri zəifləyib, özü isə birbaşa hədəfə çevrilib. Rusiya isə Ukraynaya qarşı başladığı müharibə ilə ciddi geosiyasi təzyiqlərlə üzləşib. Bu proses nəticəsində əvvəllər Rusiyanın təsir dairəsində olan bir çox ölkə və bölgə, o cümlədən Cənubi Qafqaz və Türküstan, Moskvadan uzaqlaşaraq daha müstəqil siyasət yürütməyə çalışır. Hazırkı Rusiya hakimiyyətinin ideoloji xətti keçmiş imperiyanın bərpası üzərində qurulub. Prezident Vladimir Putinin post-sovet məkanında təsirini saxlamaq və Sovet İttifaqına bənzər yeni birlik yaratmaq niyyətləri açıq şəkildə görünür. Moskva bu ölkələrin müstəqilliyini qəbul etməkdə çətinlik çəkir və müstəqil siyasət yürütməyə çalışan dövlətlərə qarşı müxtəlif təzyiq alətlərindən istifadə edir. Azərbaycanla münasibətlər buna bariz nümunədir. Son yarımildə Moskvanın rəsmi Bakıya qarşı artan təzyiqləri bu siyasətin tərkib hissəsidir. Halbuki 2022-ci ildə imzalanmış Strateji Müttəfiqlik Bəyannaməsinin şərtlərinə zidd olaraq, Rusiya Azərbaycanla bağladığı öhdəliklərə əməl etmir”.
Politoloq əlavə edib ki, buna baxmayaraq, bu cəhdlər Moskva üçün istənilən nəticəni verməyə bilər:
“Yeni geosiyasi düzəndə Rusiya təkcə təsir imkanlarını deyil, həm də həmin bölgələrdə güclü rəqiblərlə üz-üzə qalır. Cənubi Qafqazda, Türküstanda və Şərqi Avropada Moskvanın qarşısında artıq fərqli güc balansı formalaşıb. Bu səbəbdən Rusiyanın bölgədəki mövqeyini əvvəlki səviyyəyə qaytarması real görünmür. Eyni zamanda, Rusiya ilə təzyiq altında olan ölkələr üçün də bu proseslər yeni risklər və çağırışlar yaradır. Bununla belə, artıq müstəqilliyini bərpa etmiş, azadlıq təcrübəsi qazanmış dövlətlərin yenidən Rusiyanın təsiri altına qayıtmaq ehtimalı zəif görünür. Bu ölkələrin müqavimət iradəsi və müstəqil siyasət yürütmək əzmi, böyük ehtimalla, Rusiyanın təzyiq siyasətini nəticəsiz qoyacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az