- Siyasi müzakirə
- 14:41
- 1 941
Deputat: “Yekaterinburqda baş verənlər Rusiyanın qeyri-insani siyasətidir”

“Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən qanunsuz və cinayət xarakterli əməllər, eləcə də hadisənin baş verməsindən bir neçə gün keçməsinə baxmayaraq Rusiya Federasiyasının heç bir tədbir görməməsi, bu ölkənin insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud şəkildə pozduğunu göstərir. Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən qeyri-adekvat reaksiya verilməsi, zəruri müdaxilələrin edilməməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmaması qanunların açıq şəkildə pozulması ilə yanaşı, etinasızlıq və qeyri-insani yanaşmanın göstəricisidir. Rusiya Federasiyası BMT-nin insan hüquqları sahəsində bir sıra mühüm konvensiyalarını, o cümlədən “Siyasi və Mülki Hüquqlar Haqqında” Beynəlxalq Paktı və “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanı ratifikasiya edib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı zorakılıqla müşayiət olunan həbslər Azərbaycanda ciddi narahatlıq doğurub. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi “reydlər” nəticəsində onlarla azərbaycanlının saxlanıldığı və onların hüquqlarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata görə, bu proses təsadüfi deyil və arxasında siyasi motivlər dayanır. Müşahidəçilər və ekspertlər hesab edirlər ki, bu cür repressiyalar Kreml tərəfindən məqsədli və sistemli şəkildə həyata keçirilir.
Deputatın sözlərinə görə, baş verən hadisə bu sənədlərin, o cümlədən 7-ci maddənin və digər müvafiq müddəaların ciddi şəkildə pozulması ilə müşahidə olunur.
“Bu isə həm beynəlxalq hüquqa, həm də insanlığa qarşı açıq hörmətsizlikdir. Baş verənlər təkcə hüquq pozuntusu deyil, eyni zamanda Rusiyada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı mövcud olan sistemli ayrı-seçkilik və etnik zəmində zorakılığın bariz nümunəsidir. Son zamanlar Rusiya rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli bəyanatlar, ictimai rəyə təsir göstərmək və düşmən obrazı formalaşdırmaq məqsədi daşıyır. Bu yanaşma, Rusiyanın Azərbaycana qarşı apardığı sistemli anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bütün bunların fonunda Rusiya daxilində qeyri-rus xalqlara qarşı artan təzyiqlər, miqrantların toplanaraq Ukraynadakı müharibəyə göndərilməsi cəhdləri, həmin şəxslərin həyat və ləyaqətlərinin təhlükə altına atılması insan hüquqları sahəsində ciddi cinayətlərə işarə edir. Hazırda beynəlxalq aləmdə təcrid olunmuş vəziyyətdə olan Rusiya, qonşularla sağlam münasibətlər qurmaq əvəzinə, daxili və xarici siyasətdə aqressiv, diplomatiyadan uzaq, insan haqlarını pozan metodlara əl atmaqla mövqeyini daha da zəiflətməkdədir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az