"Tramp Ukraynanı yarı yolda qoya bilər" - Elçin Xalidbəyli

“ABŞ-ın Ukrayna müharibəsinə münasibəti hazırda qeyri-müəyyən və ziddiyyətli xarakter daşıyır. Xüsusilə Donald Tramp administrasiyasının bu məsələdə konkret hədəflərinin nə olduğu açıq şəkildə bəlli deyil. Bir tərəfdən münaqişənin tezliklə sona çatmasını arzuladıqlarını bəyan edirlər, digər tərəfdən isə Ukraynanın müdafiəsi məsələsində qətiyyətli və ardıcıl mövqe nümayiş etdirmirlər. Bəzi hallarda ABŞ rəhbərliyinin, o cümlədən Trampın Rusiya ilə dolayısı yaxınlaşma meylləri müşahidə olunur. Bu isə Qərbin əsas dayağı kimi çıxış edən ABŞ-ın mövqeyini daha da sual altına salır. Belə şəraitdə Vaşinqtonun sülhə yönəlik təşəbbüslərinin məqsədi də birmənalı qarşılanmır: ABŞ Ukraynanı müdafiə etməyə çalışır, yoxsa Rusiyanın qələbəsini rəsmiləşdirəcək güzəştli sənədin imzalanmasına zəmin hazırlayır?”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkənin müdafiə sənayesi il ərzində 8 milyon pilotsuz uçuş aparatı (PUA) istehsal etmək potensialına malikdir. Lakin bu imkanın təxminən 40%-i maliyyə çatışmazlığı səbəbindən reallaşdırıla bilmir.

Siyasi şərhçi bildirib ki, ABŞ-ın əsas hədəfi Ukraynanın tam qələbəsi və ya ədalətli sülhə nail olmaq deyil, daha çox Kremlin şərtlərinə uyğun atəşkəs və ya sülh razılaşmasının əldə edilməsidir.

“Bu isə əslində Ukraynanın kapitulyasiyasına bərabər ola bilər. Belə bir vəziyyətdə Kiyevin ABŞ-a olan ümidi də reallığa uyğun gəlmir. Qərbdən məhdud dəstək alsa da, ABŞ-dan gözlədiyi səviyyədə yardım əldə etmək ehtimalı xeyli aşağıdır. Tramp administrasiyası beynəlxalq hüquq və ədalət prinsiplərinə bağlılığı ilə seçilmir. Əvvəlki dövrdə dəfələrlə nümayiş olunub ki, onun yanaşması daha çox şəxsi maraqlara və siyasi imicə əsaslanır. Trampın sülh və ədalət kimi anlayışlardan danışması real siyasətdən çox siyasi şou təsiri bağışlayır. O, beynəlxalq hadisələrə münasibətdə şəxsi piar və ABŞ-ın qlobal mövqeyinin gücləndirilməsi üçün alət kimi baxır. Bu mənada Tramp təkcə biznes adamı deyil, həm də siyasəti bir növ şou-biznesə çevirən fiqur kimi çıxış edir. Onun siyasətə yanaşması həm Ukrayna, həm də digər beynəlxalq aktorlar üçün qeyri-müəyyənlik yaradır. Belə bir şəraitdə, əgər Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna ictimaiyyəti Trampa ümid bəsləyirsə, bu gözləntilərin reallaşacağı ehtimalı yüksək deyil”.

Siyasi şərhçi sonda qeyd edib ki, gələcəkdə ABŞ-ın Ukraynaya keyfiyyətli və davamlı dəstək verməsi real görünmür:

“Yalnız o halda bu dəstək real ola bilər ki, Rusiya ABŞ-ın birbaşa maraqlarına ciddi təhdid törətsin. Moskva da bunu nəzərə alır və ABŞ-la münasibətlərdə mümkün qədər ehtiyatlı davranmağa çalışır. Nəticə etibarilə, ABŞ maraqları birbaşa zərər görmədiyi müddətcə Tramp administrasiyasının Ukraynaya etibarlı tərəfdaş və ya ədalətli sülh vasitəçisi kimi çıxış etməsi real görünmür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az