- Müşahidə məntəqəsi
- 14:33
- 2 339
"Azərbaycan İsrail və İran gərginliyi fonunda öz neytrallığını qorudu" -Kənan Novruzov

“Azərbaycan İran və İsrail arasında baş verən 12 günlük gərginlik fonunda xarici siyasət sınağından uğurla keçdi. Bu müddət ərzində Bakı balanslı və neytral mövqeyini qoruyaraq, hər iki tərəflə münasibətləri sabit saxlamağı bacardı. Qarşıdurma daha uzun müddət davam etsəydi, rəsmi Bakının mövqeyində dəyişiklik baş verməsi ehtimalı istisna olunmurdu. Lakin prosesin sonuna qədər Azərbaycan neytrallığını saxladı, nə İsraillə, nə də İranla münasibətlərdə gərginlik yaşanmadı. İran Azərbaycanın qonşusu və region ölkəsidir. Bakı ilə Tehran arasında münasibətlərin pozulması heç bir tərəfin maraqlarına uyğun deyil”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın ilk xarici səfərini Azərbaycana etməsi gözlənilir. Prezident İlham Əliyev onu iyulda Bakıda keçiriləcək ECO sammitinə dəvət edib. Ekspertlərə görə, səfər münasibətlərin inkişafı baxımından müsbət addım olacaq və Tehrandakı bəzi dairələrin tənqidlərinə cavab kimi də dəyərləndirilə bilər.
Siyasi şərhçi bildirib ki, Azərbaycan və İran İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq platformalarda əməkdaşlıq edirlər.
“İranla Türkiyə arasındakı əlaqələr də Bakı-Tehran münasibətlərinə dolayı təsir göstərir. Bütün bu amillər nəzərə alındıqda, Azərbaycan üçün İranla münasibətləri qoruyub saxlamaq strateji əhəmiyyət daşıyır. Bununla belə, bu mövqe nə İranın dəstəklənməsi, nə də İrana qarşı kampaniyalardan çəkinmə kimi qiymətləndirilməməlidir. Rəsmi Bakı yaxşı anlayır ki, bu yanaşma nə İsrailə, nə də ABŞ-a qarşı yönəlməyib. Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı İran Ermənistanı dolayısı ilə dəstəklədiyi halda, İsrail Azərbaycana hərbi texnika ilə yardım göstərmişdi. Bu da Azərbaycanın nəzərə aldığı mühüm faktorlardandır. Eyni zamanda, Azərbaycanın ABŞ-la münasibətləri də strateji xarakter daşıyır və Vaşinqtonun İsrailə və İrana qarşı münasibəti bəllidir. Hazırda İran prezidentinin Azərbaycana səfəri gözlənilir və bu, münasibətlərin müsbət inkişafına işarədir. Səfər çərçivəsində İran prezidentinin, xüsusilə müharibə dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən təxliyəsi və humanitar əməkdaşlıqla bağlı Bakıya təşəkkür etməsi ehtimal olunur. Pezeşkiyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlandığı müşahidə olunur. O, sələfi İbrahim Rəisinin buraxdığı səhvləri təkrarlamamağa çalışır. Lakin İran daxilində əsas qərarların ali dini lider tərəfindən verildiyi və prezidentin imkanlarının məhdud olduğu da unutulmamalıdır”.
Siyasi şərhçi əlavə edib ki, hər iki ölkə nəqliyyat və kommunikasiya layihələri üzrə fikir mübadiləsi aparır:
“Bununla belə, İran hələ də Zəngəzur dəhlizinin açılmasına razılıq vermir. Tehran bu məsələdə Araz dəhlizini alternativ kimi irəli sürür və dəhlizin öz ərazisindən keçməsində maraqlıdır. Bu da onu göstərir ki, İran Zəngəzur dəhlizi ideyasına qarşı mövqeyini qoruyur. Bütün hallarda qarşılıqlı səfərlər və dialoqlar münasibətlərin inkişafı üçün yeni mərhələnin başlaya biləcəyini göstərir. ABŞ və İsrailin bu səfərdən narahatlıq duyması gözlənilmir. Çünki hər iki ölkə yaxşı anlayır ki, Azərbaycanın müstəqil xarici siyasət kursu var. Bakı bu siyasəti diktələrlə və təzyiqlərlə dəyişəcək bir ölkə deyil. Azərbaycanın mövqeyi açıqdır: balanslı siyasət yürüdür və heç bir tərəfə tabe olmur. Bu baxımdan nə İsrailin, nə də ABŞ-ın Azərbaycandan narazı qalması üçün əsas yoxdur”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az