“Türkiyədən, Pakistandan yalnız mənəvi və siyasi dəstək alırıq”

Prezident İlham Əliyev bu barədə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində danışıb

"Bizim Türkiyə və Pakistandan hərbi dəstək istəmək fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Onlardan sonra Əfqanıstan, Bosniya və Herseqovina, digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur".

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində danışıb.

Dövlət başçısı deyib: “Bu gün Ermənistanın baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Misal üçün, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında demişdir ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil. Toqquşmaların ilk günündə demişdilər ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmuşdur. Biz dedik ki, sübut verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır. İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guya Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar versinlər. Yoxdur bu”.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan tərəfi, ilk növbədə, Azərbaycan Ordusunun gücünü pərdələmək istəyir. “Guya ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi. İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal bir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir”, - deyə dövlətimizin başçısı əlavə edib.