Ədliyyə naziri Fikrət Məmmədov açıqladı Ədliyyə naziri Fikrət Məmmədov açıqladı
  • Paytaxt
  • 8 Aprel 2021 20:16
  •  4 158

Ermənistanın müharibə cinayətləri sorğulanır

Ədliyyə naziri Fikrət Məmmədov açıqladı

Aprelin 8-də 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) rəhbər orqanı olan İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Avropa, Asiya, Yaxın Şərq, Amerika və Afrika qitələrindən olan bir sıra dövlətlərin, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi iclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.

Tədbirin əvvəlində qurumun vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək yaradılmasının 15 illiyi qeyd olunan Assosiasiyanın qlobal antikorrupsiya mübarizəsində mühüm rolunu, beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayıb.

Nazir Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə, ölkəmizin səmərəli beynəlxalq əməkdaşlığı barədə məlumat verərək, yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini qeyd edib, IAACA-nın inkişafına, qlobal pandemiya ilə əlaqədar onlayn və ya hibrid platformalarından fəal istifadə etməklə, tədris tədbirlərinin və vebinarların təşkilinə dair təkliflər irəli sürüb.

Çıxışda Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq dinc şəhərlərimizi qəsdən raket atəşinə tutaraq uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri barədə məlumat verilib. Eyni zamanda, Ermənistan tərəfinin xarici muzdlu döyüşçüləri cəlb etməsi, humanitar yardım adı altında münaqişə zonasına qanunsuz silah-sursat göndərməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İşğal dövründə həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, terrorçuluq, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunduğu vurğulanıb.

İclasda azad edilmiş torpaqlarımızın ermənilər tərəfindən büsbütün dağıdıldığı, maddi və mədəni sərvətlərin məhv və ya talan edildiyi qeyd olunaraq mülki vətəndaşların ölümünə səbəb olan minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinin beynəlxalq hüquqa zidd olmaqla Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin təzahürü olduğu bildirilib.

Qeyd olunub ki, törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici, o cümlədən iclasda təmsil olunan dövlətlərdə zəruri istintaq hərəkətlərinin aparılmasına dair nazirlik tərəfindən 50-dən artıq sorğu göndərilib.

Tədbirdə IAACA-nın fəaliyyətinin səmərəliliyinin artırılması, keçiriləcək mühüm tədbirlər, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının tarixində ilk dəfə korrupsiyaya qarşı mübarizəyə həsr olunması barədə məlumat verilib və həmin tədbirdə IAACA-nın iştirakı ilə bağlı və s. əhəmiyyətli məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.

Aznews.az