Hikmət Hacıyev "The Washington Times"də məqalə yazdı, ermənilər həşir saldı

Ermənilərin gülünc replikası: "Biz də “Tovuz koridoru” deyə bilərik”

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "The Washington Times" qəzetində məqalə ilə çıxış edib.

Ermənistan mətbuatı həmin məqaləni Ermənistana qarşı “üstüörtülü şantaj” kimi dəyərləndirib. Ermənistanın “news.am” saytı sözügedən məqalədə Hikmət Hacıyevin vurğuladığı bəzi məqamlara diqqət çəkib: “Zəngəzur dəhlizinin - Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun yenidən açılması həm ölkələrimiz, həm də bütövlükdə bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq”.

“Ermənistanın ərazisindən keçmək mümkün olduqda Azərbaycanın eksklav ərazisi Naxçıvanın təcridinə son qoyulacaq. Ermənistanın paytaxtı İrəvan quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan üzərindən əlaqə yarada biləcək. Ümid edirik ki, bu bölgədəki transformasiya prosesində 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi altında yaradılan vasitəçilik orqanı olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi ola biləcək”.

Bəs ermənilərin “üstüörtülü şantaj” kimi dəyərləndirdikləri nədir? Onlar bu yazıdakı hansı fikrə etiraz edirlər? Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” (koridoru) ifadəsi erməniləri hövsələdən çıxarır. Sözügedən sayt yazır ki, üçtərəfli anlaşmada söhbət hansısa koridorun açılmasından yox, bütövlükdə kommunikasiya xətlərinin açılmasından gedir. “Hikmət Hacıyevin məntiqinə söykənib Ermənistanı Azərbaycan üzərindən Rusiyaya birləşdirəcək xətti biz də “Tovuz korridoru” adlandırmalıyıq”.

Əlbəttə, ermənilərin narahatlığının səbəbi aydındır. Beynəlxalq ələmdə “Zəngəzur koridoru” ifadəsinin yayğınlaşması Ermənistan üçün məqbul deyil. Çünki Zəngəzur ifadəsi həmin ərazilərin tarixən Azərbaycana məxsus olmasından xəbər verir.

Hikmət Hacıyevin məqaləsinin orijinal variantı burada.

Azərbaycan dilində oxumaq üçün isə burayaklikləyin.

Müəllifin zəruri qeydi:

Onu da qeyd edək ki, Hikmət Hacıyevin "The Washington Times" qəzetində gedən məqaləsini belə başlayır: “ 1973-cü ildə Leonid Brejnev Vaşinqtona gələndə tezliklə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olacaq Villiam Colby Sovet liderinə belə dedi: “Bir-birimiz haqqında nə qədər çox şey bilsək, hamımız üçün bir o qədər təhlükəsiz olar”. Brejnevin qatıldığı həmin zirvə görüşü Soyuq Müharibədən doğan gərginliyin aradan qalxmasında müstəsna rol oynadı. Sonrakı illərdə nüvə silahının istehsalının məhdudlaşdırılması ilə bağlı Qərb ilə SSRİ arasında müqavilələr imzalandı. Nəticədə, tərəflər arasında münasibətlər normalaşdı”. Müəllif müraciət etdiyi auditoriyanın anlaya biləcəyi bir dildə danışır. Bu, son dərəcə önəmli bir məsələdir. Təəssüf ki, Qərb auditoriyasına müraciətlə məqalə yazan müəlliflərin böyük bir hissəsi bu məqamı tuta bilmir. Məsələn, Leonid Brejnevlə görüşən Amerika lideri Riçard Nikson (Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974)) idi. O, mühafizəkar baxışları ilə tanınırdı. Respublikaçılar Partiyasının üzvü idi. "The Washington Times" qəzeti də respublikaçılara yaxınlığı ilə tanınır. Yəni, "The Washington Times" qəzetinin oxucularına Hikmət Hacıyevin xatırlatdığı fakt bəllidir. O, belə bir faktın üzərindən Azərbaycan-Ermənistan münasibətlərini şərh etməklə mövzunu daha anlamlı şəkildə oxucuya təqdim edir. Kimlər üçünsə, bu məqam xırda görünə bilər. Ancaq Avropada yaşayan birisi kimi deyə bilərəm ki, Qərb auditoriyası belə şeylərə çox həssasdır.

Elbəyi Həsənli, Sürix
https://news.am/eng/news/651919.html