Azərbaycan qırıcıları Konyada fil yürüşündə iştirak edib

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu qartalı - 2025" beynəlxalq təlimində döyüş qırıcılarının fil yürüşü keçirilib.

"Report"un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, yürüşdə təlimə qatılan 75 döyüş hava gəmisi izləyicilərin qarşısından təntənəli keçid ediblər.

Azərbaycana məxsus iki "SU-25" qırıcıları da fil yürüşündə iştirak edib. Qeyd edək ki, fil yürüşü havaçılıqda birlikdə güc nümayişi kimi qiymətləndirilir.

Daha sonra döyüş qırıcıları birgə uçuş həyata keçiriblər.

Xatırladaq ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edirlər.

Bundan başqa Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində Türkiyədə "Anadolu qartalı - 2025" beynəlxalq təlimində izləyir.