Varazqun məbədi dövlət mühafizəsində - ŞƏRH

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən 44 yeni abidə dövlət mühafizəsinə götürülüb. Bu qərar 2001-ci ildə təsdiq edilmiş tarix-mədəniyyət abidələri siyahısına əhəmiyyətli bir düzəliş olmaqla, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonlarını əhatə edir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına əsasən, bu ərazilərdə indiyədək 550 abidənin inventarizasiyası tamamlanıb. Monitorinq zamanı 402 yeni abidə də qeydə alınıb. Lakin təəssüf doğuran məqam budur ki, bu abidələrin bir çoxu Ermənistanın işğalı dövründə vandalizmə məruz qalıb: 68 abidə tamamilə dağıdılıb, 114-nə ciddi zərər dəyib, bir çoxu isə hətta tövlə kimi istifadə olunub.

Müasir mərhələdə həyata keçirilən bu sistemli qiymətləndirmə və dövlət mühafizəsinə götürülmə prosesi təkcə mədəni irsin qorunması deyil, həm də tarixə və milli yaddaşa verilən yüksək dəyərin ifadəsidir. Dövlət mühafizəsinə götürülən abidələr sırasında Laçın rayonunda yerləşən qədim Varazqun məbədi xüsusi yer tutur.

Varazqun məbədi Qafqaz Albaniyasının erkən xristian dövrünə – IV–V əsrlərə aid memarlıq incilərindən biridir. Laçın rayonunun Bozlu kəndi yaxınlığındakı dağlıq ərazidə yerləşən bu məbəd, dördkünc planlı və iki apsidalı quruluşu ilə regionda analoqu az olan dini ibadətgah nümunələrindəndir. Məbədin divar qalınlığı təxminən 95 sm, hündürlüyü isə 9,6 metrə çatır. Onun memarlıq həlli və inşasında istifadə olunan yunulmuş daş, əhəng və suvaq materialları, məbədi həm dövrü, həm də sənətkarlıq baxımından dəyərli edir.

Ətrafında mağaralar, qədim qəbiristanlıq, daş fiqurlar və VII əsrə aid alban baş və sinə daşları kimi elementlər bu abidənin funksional və mədəni yükünü daha da artırır. Həmçinin burada aşkarlanmış qədim sikkələr və tikinti qalıqları, məbədin ətrafında yerləşən yaşayış yerlərinin mövcudluğundan xəbər verir. Tarixçilər Varazqun adının "Varazın yurdu" anlamı daşıdığını və məbədin alban hökmdarlarından biri olan Varaz Tridat və ya Varaz Qriqorla əlaqələndirildiyini qeyd edirlər.

Məbəd uzun illər boyu təbiətin və zamanın təsirinə tab gətirməklə yanaşı, işğal dövründə də ciddi deformasiya və məqsədli vandalizmə məruz qalıb. Ermənistan tərəfindən burada qanunsuz təyinat dəyişiklikləri aparılıb, xaç daşları yerləşdirilərək abidənin mənşəyi saxtalaşdırılmağa cəhd edilib. Bununla belə, məbədin orijinal strukturu, tarixi və məkan özəllikləri bu cəhdlərə rəğmən saxlanılıb.

Hazırda Varazqun məbədi dövlət mühafizəsinə götürülərək bərpa və konservasiya planına daxil edilib. Bu, Azərbaycanın zəngin mədəni irsinin və Qafqaz Albaniyasının mirasının qorunmasına yönəlmiş prinsipial addımlardan biridir. Varazqun yalnız bir dini tikili deyil, həm də yüzilliklərin sınağından çıxmış, öz kimliyini itirməmiş tarixi bir şahid kimi Azərbaycan tarixinin parçasıdır.

Nuray,

AzNews.az