- Paytaxt
- 16:30
- 1 678
Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub
Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin beşinci ildönünü münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda təntənəli tədbir keçirilib.
Aznews.az xəbər verir ki, Fransanın Strasburq şəhəri və ətraf bölgələrində yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir iştirakçıları qarşısında çıxış edən Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan xalqının milli gücü və birliyinin əbədi rəmzi olduğunu bildirib. 30 ilə yaxın davam edən işğal dövründə xalqımızın tarixin sınağına çəkildiyi xatırladan daimi nümayəndə qarşılaşdığımız haqsızlıq və qatlaşdığımız iztirabların millətimizin iradəsini sındıra bilmədiyini və işğal olunmuş torpaqlarımıza, Qarabağa dönmək arzusu və inamını heç zaman əlindən ala bilmədiyini söyləyib.
Beləliklə, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əzmkar liderliyi və qətiyyətli rəhbərliyi, Azərbaycanın rəşadətli ordusunun misilsiz qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində məruz qaldığımız işğala, haqsızlığa son qoyulduğu vurğulanıb.
F.İsmayılov əlavə edib ki, 2023-cü ilin sentyabr ayında isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə fədakar silahlı qüvvələrimiz növbəti dəfə qəhramanlıq nümayiş etdirdi və Azərbaycan torpaqlarında erməni sepatizminin birdəfərlik axırına çıxıldı.
Səfir eyni zamanda ötən beş il ərzində dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri barədə məlumat verib, minlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıtdığını və bu gün artıq 60 mindən çox soydaşımızın azad edilmiş torpaqlarda yaşayıb, çalışıb və təhsil aldığını qeyd edib.
Daha sonra tədbirdə Azərbaycanlı musiqiçi Kamran Qaralov tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib və tədbir boyu iştirakçılara Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.