- Paytaxt
- 17:52
- 929
Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqladeşin ölkədəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanla Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyini, beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 çərçivəsində qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıblar. Xüsusilə, iqtisadi, ticarət, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu bildirilib.
Liderlər səviyyəsində təmasların, Banqladeşin keçid hökumətinin rəhbəri, baş müşavir Məhəmməd Yunusun COP29-da iştirakı məmnunluqla xatırlanıb. Növbəti ildə Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşləri, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən yüksək səviyyəli təmasların artırılması, beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.