Tehran təslimiyyət ərəfəsində: Azərbaycan üçün yeni ideoloji risk mənbələri

İran, İsrail və ABŞ arasında müharibənin 11-cü günüdür. Müasir savaşlar üçün 10 gün kifayət qədər uzun müddətdir. Bu müddətdə tərəflərin uğurlarını və uğursuzluqlarını soyuqqanlı bir şəkildə təhlil etməyə ehtiyac var. Bu ehtiyacı gücləndirən həm də odur ki, istənilən müharibə təşviş doğurur, bu təşvişdən isə informasiya savaşında gen-bol istifadə edilir. Lakin müharibə davam etdikcə, başlanğıcdakı emosionallıqdan əsər-əlamət qalmır, cəbhələrdən gələn xəbərlər xeyli dərəcədə adiləşir və nəticələr daha çox diqqət çəkməyə başlayır.

İran üçün savaşın nəticələri “rüsvayçılıq” kəliməsinin yetərsiz qoyan səviyyədə acınacaqlıdır. Ayətullah Xəmneyi başda olmaqla İran elitasının ən təsirli isimlərinin bir çoxu müharibənin ilk günündə həyatlarını itirib. Müasir müharibələrin taleyi üçün ən həlledici amillərdən biri hava məkanına nəzarətdir. İran hava məkanına öz köhnə nəsil təyyarələrini qaldıra biləcək vəziyyətdə belə deyil. İranın raket və PUA arsenalı da tükənmək üzrədir. Savaşın ilk və son üç gününü müqayisə edəndə atılan raketlərin, qaldırılan PUA-ların sayında kəskin fərq olduğu üzə çıxır. Bu müstəvidə İran müharibəni daha bir neçə həftə davam etdirə bilməyəcək. Üstəlik, ABŞ və İsrailin endirdiyi çoxsaylı və dəqiq zərbələr nəticəsində İranın müdafiə infrastrukturu- hərbi bazaları, təchizat və rabitə sistemi də demək olar ki, dağıdılıb.

Başqa sözlə, müharibə uzandıqca texnoloji üstünlüyə malik tərəf daha böyük üstünlük qazanır.

Müharibədəki məğlubiyyət İranın daxili siyasətinə təsir göstərməyə bilməz. Böhran vəziyyətində olan İran iqtisadiyyatı bombalanmış hərbi infrastukturu bərpa etməyə qadir deyil. İqtisadi proqnozların optimizmə əsas verməməsi böyük şəhərlərdə sosial narazılığı daha da gücləndirir. Belə bir şəraitdə ayətullah Xəmneyinin oğlu Müctəbanın İranı “ağ günə çıxaracağını” düşünmək insan şüuruna hörmətsizlikdir. Atası ilə müqayisədə çapsız fiqur sayılan Müctəbanın həyatda qalmasının özü də sual altındadır. Tehrandan beynəlxalq mediaya sızan məlumatlara görə, o, “müqavimətin lideri” olaraq önə çıxarılıb. Lakin İranın ABŞ və İsrailə müqavimət göstərmək imkanları tükənmək üzrədir. Belə olan halda II Xəmneyi təslimiyyət bəyanatına ya imza atacaq, ya devriləcək, ya da öldürüləcək.

Məsələyə İsrailin pəncərəsindən baxsaq, Netanyahu üçün nəticələr məqbul sayıla bilər. İranın hərbi və nüvə imkanlarının məhdudlaşdırılması, Suriya və Livan kimi qonşu bölgələrdə molla rejiminin təsirinin zəiflədilməsi, ABŞ, Qərb və regional müttəfiqlərlə koordinasiyanın gücləndirilməsi Təl-Əviv üçün həm zəruri, həm də ürəkaçan amillərdir. Bu gün də daxil olmaqla yaxın 3 gün İsrail üçün həlledici zamandır. Odur ki, 72 saat ərzində İsrail İranı fakt qarşısında qoymaq üçün çalışacaq.

Bu məqamı xüsusi olaraq nəzərə almaq lazımdır ona görə ki, verdiyi açıqlamalardan da göründüyü kimi, Donald Tramp İranda rejim dəyişikliyi olmadan savaşı dayandırmaq niyyətində deyil. Bəs, İranda rejim dəyişikliyi necə təmin olunacaq? Bunun üçün Tehranın elə bir fakt qarşısında qalması labüddür ki, klerikal rejimin davam yolları tam qapalı olsun. Bunun üçün ya ABŞ xüsusi təyinatlıları, yaxud başqa bir silahlı birləşmə Tehranın qapısına dirənməli, ya da çevriliş baş verməlidir. Lakin hərbi qiyamın baş verməsi üçün də - xüsusən də mollaların yeni lider seçməsi qarşılığında- müəyyən şərtlər lazımdır. Söhbət ondan gedir ki, bu gün Tehrandakı teokratik quruluşun əleyhinə çıxan hər kəs “sionist” kimi damğalanacaq. Bu isə, İranda hakimiyyətə gəlmək istəyən qüvvələri hərəkətə keçməkdən çəkindirir. Hərbi çevrilişlər heç zaman “belə istəyirik” məntiqi ilə gerçəkləşmir, planın baş tutması üçün iqtidarı ələ keçirəcək qüvvəyə legitimlik hekayəsi lazımdır. Bu hekayəni yaratmaq üçün isə xalqa elə bir səbəb göstərilməlidir ki, ictimai rəydə keçərli olsun. Şüarın “xalqı və ölkəni xilas etmək lazımdır” olacağı bəllidir. Odur ki, bunun ardınca “mollalar ölkəni məhv etdi, yeni rejimsiz mümkün deyil” qənaətinin ictimai rəyə hopdurulması gərəkdir.

Bu ehtimal molla rejiminin də xüsusi diqqətindədir. Odur ki, bütün imkanlarını səfərbər edib müharibəyə ideoloji don geyindirməyə çalışır. Çox təəssüf ki, Rusiyanın da hiss olunan dəstəyi ilə Türkiyə mediası bu məsələdə mollalardan çox mollalıq edir. Türkiyədən həm daxili auditoriyasına, həm də Azərbaycan ictimai rəyinə verilən mesajlar olduqca yanlış və təhlükədir.

Əvvəla ona görə ki, yanlış təsvirlər və təhrif edilmiş məlumatlar regionda Azərbaycanın və Türkiyənin lehinə dəyişən güc balansını tormozlamağa xidmət edir.

İkincisi, ictimai qütbləşmələr hələ heç bir ölkəyə xeyir gətirməyib.

Üçüncüsü, Azərbaycan və Türkiyə kimi qardaşlığı tarixin sınaqlarından üzüağ çıxmış dövlətlərin ictimai rəyi İran mollalarına görə niyə qütbləşməlidir? Ankaranın siyasi texnoloqları bu sual üzərində təmkinlə düşünməli və nəzərə almalıdırlar ki, AK Parti iqtidarı üzünü Azərbaycana, digər türk cümhuriyyətlərinə tutanda uğur dalınca uğur qazanıb, Yaxın və Orta Şərqə boylananda isə bataqlığa düşüb.

Bəli, regionda yeni reallıq formalaşır və yeni tendensiyalar Azərbaycanı da öz ideoloji təhlükəsizlik məsələlərini bir daha nəzərdən keçirməyə vadar edir. İrandakı molla rejiminin süqutu Azərbaycan ictimai fikir müəssisənin daha da milliləşməsinə stimul verəcək, çünki İrandan yönləndirilən təbliğat maşını sıradan çıxacaq. Necə ki, Fətullah Gülən şəbəkəsinin Türkiyədə küncə sıxışdırılması Azərbaycan düşüncə sistemində müsbət inikas yaratdı. Amma Türkiyədə başqa şəbəkələr də var və onlar Azərbaycan üçün Fətullah Güləndən və ya Xəmneyi simpatizanlarından heç də az təhlükəli deyilllər!

Taleh ŞAHSUVARLI