Azərbaycan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər” qurur – Ceyhun Bayramovdan mühüm mesajlar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Şəhər Forumunda (WUF-13) çıxışı zamanı şəhərlərin artıq diplomatiya, ticarət, infrastruktur, iqlim siyasəti və regional əməkdaşlığın kəsişdiyi strateji mərkəzlərə çevrildiyini vurğulayıb.

Nazir çıxışında Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərinə diqqət çəkib. Bildirilib ki, şəhər və kəndlər “ağıllı idarəetmə”, yaşıl enerji, iqlim dayanıqlılığı və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

Qeyd olunub ki, yenidənqurma prosesi Azərbaycanın sülh quruculuğu strategiyasının əsas hissəsidir və keçmiş münaqişə zonalarının inkişaf və bağlantı mərkəzlərinə çevrilməsi üçün indiyədək təxminən 15 milyard dollar sərmayə yatırılıb.

Çıxış zamanı həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesindən sonra Cənubi Qafqazda yaranan yeni imkanlardan bəhs edilib. 2025-ci ilin avqustunda Vaşinqton sammitinin nəticələri və Asiya ilə Avropanı birləşdirən yeni regional bağlantı layihələrinin əhəmiyyəti vurğulanıb.

Nazir Trans-Xəzər Orta Dəhlizi, Şimal-Cənub Nəqliyyat Dəhlizi, TRIPP təşəbbüsü, yaşıl enerji dəhlizləri və “Digital Silk Way” layihəsinin davamlı regional inteqrasiya baxımından strateji rol oynadığını da qeyd edib.

image description image description