Cəza çəkən narkoloji xəstələrin məcburi müalicəsinin qaydaları təsdiq edildi

Azərbaycanda “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”ı təsdiq edilib.


Nazirlər Kabineti tərəfindən təsdiq olunan bu Qaydalara uyğun olaraq tətbiq edilən məcburi müalicə tədbirləri yalnız narkoloji xəstə məhkumların səhhətinin yaxşılaşdırılmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkoloji xəstə məhkumların normal həyat tərzinə qaytarılmasına, şəxsin özünə və ya digər şəxslərə zərər yetirməsi təhlükəsinin aradan qaldırılmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.

Narkoloji xəstə məhkumlara məcburi müalicə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tətbiq edilir.

Məcburi müalicə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məcburi müalicədə olan şəxslərə sosial qayğının göstərilməsində, reabilitasiyasında, cəmiyyətə reinteqrasiyasında donor və (və ya) qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada iştirak edə bilərlər.

Cinayət və cəzaların icrası qanunvericiliyinə uyğun olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlər cəza müddətində cəzanı icra edən müəssisənin tibb xidməti tərəfındən həyata keçirilir.

Trend.az