Qıvraq «qoca» TV Qıvraq «qoca» TV

Azərbaycan televiziyasının yaranmasından 60 il ötür

Qıvraq «qoca» TV



Tənha yaşayan ahıl qonşumdan bir dəfə xəbər aldım:
– Bayram günlərində darıxmırdınızmı?
– Darıxmaq nə şeydir?! – deyə o, ötkəm cavab verdi. – Məgər televizorla darıxmaq olar?..

Televiziya qəbulediciləri bu gün sadəcə məişət əşyamız deyil, sanki ailəmizin üzvlərindən biridir, özü də ona digər üzvlərdən daha artıq vaxt və diqqət ayırırıq. Səhər tezdən ilk növbədə məhz televizora "Sabahın xeyir!" deyirik. Necə? Onu istəkli kanalda işə salmaqla. Sübh çağı, biz hələ yuyunmamış, heç nə yeməmiş – sevimli verilişimizin aparıcıları və qonaqları öz növbəsində birbaşa evimizə daxil olurlar. Və mürəkkəb iş günündən, yaxud ...dükan-bazara yürüşdən əvvəl artistlərin bizə verdikləri gümrahlığı, pozitiv əhval-ruhiyyəni heç nə ilə müqayisə etmək mümkün deyil!

Məhz televiziya insanları toyuqlarla eyni vaxtda yatmağı tərgitməyə vadar edib. Ekran qarşısında keçirdiyimiz maraqlı gecədən sonra isə səhər heç bir xoruz bizi öz banlamağı ilə oyada bilməz...

Televiziya Azərbaycana nə az, nə çox – düz 60 il əvvəl gəlmişdir. Hələ yaxın keçmişdə ölkəmizin kişiləri həmin yaşda təqaüdə çıxırdılar. İndi artıq bunu qadınlar edirlər. Lakin televiziya heç yana getməyə yığışmır. Elə biz də onu – evimizi, məişətimizi, ruhumuzu gecə-gündüz bəzəyən bu qıvraq və mehriban "qoca"nı – özümüzdən uzağa buraxmağa hazır deyilik.

Əgər kimsə 1956-cı ilin 14 fevralında ilk televiziya yayımının "Danışır və göstərir Bakı" sözləri ilə Bakı studiyasından efirə necə çıxdığını xatırlayırsa, onun özü ...əntiq adamdır. Təsvirin qavranılması üçün iri böyüdücü linza ilə təchiz edilən əndazəli televiziya qəbuledicisi o zaman heç də hər evdə yox idi.


İlk vaxtlar televiziya yayımı həftədə iki gün, hər dəfə cəmi ...iki saat ərzində və yalnız Bakı şəhərinə həyata keçirilirdi. Həmin dövrdə yeganə olan analoq yayımının zonası, ayrılan efir vaxtı tədricən, müasir meyarlarla götürsək, çox ləng genişlənir və artırdı. Təkcə onu demək kifayətdir ki, "Vremya" ("Zaman") xəbər proqramının lent yazısını Moskvadan hava nəqliyyatı vasitəsilə operativ surətdə gətirirdilər. Bütün gün ərzində yayıma isə yalnız ...2005-ci ildə keçildi.

Hazırkı AzTV uzun illər boyu Azərbaycanda yeganə televiziya kanalı kimi qalmışdı. Yerli kütləvi informasiya vasitələrinin malik ola biləcəyi ən geniş auditoriya ona məxsus idi. Əgər totalitar rejim dövründə bütün KİV-lərin fəaliyyətini müşayiət edən ideoloji astarı kənara qoysaq, Azərbaycan televiziyası o zaman da həm məlumatlandırır, həm maarifləndirir, həm əyləndirirdi.

Televiziyada işləməyə görkəmli təşkilatçılar, ədəbiyyat və incəsənət xadimləri cəlb olunurdular. Müxtəlif illərdə Azərbaycan Televiziyasına Teymur Əliyev, Qurban Yusifzadə, Elşad Quliyev rəhbərlik etmişlər. İndiki rəhbərlik bu missiyanı ləyaqətlə, özü də müstəqil dövlətimizin maraqlarına və müasir dövrün standartlarına uyğun şəkildə davam etdirir.

Burada məşhur rejissorlar Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Lütfi Məmmədbəyov, İsmət Səfərəlibəyov, Kərim Kərimov, Tahir Tahirov, bəstəkarlar Tofiq Quliyev, Fikrət Əmirov, tanınıb sevilən diktorlar Tamara Gözəlova, Nizami Məmmədov, Rafiq Hüseynov, Roza Tağıyeva, Valid i Ofelya Sənanilər, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərzadə, Tamilla Ələkbərova, Gülşən Ələkbərova, Sevda Ağazadə, Davud Əhmədov, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Dilarə Səlimova və Rafiq Haşımov, eləcə də Ələkbər Abbasov, Tofiq Axundov, Tamilla Aşumova, Nadejda İsmayılova, Telli Əliyeva, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil İsmayılov və bir çox başqa istedadlı jurnalistlər çalışmışlar. Və onlardan bəziləri indi də bu şərəfli işi davam etdirirlər.

Azərbaycan ziyalılarının Xudu Məmmədov, Mehdi Məmmədov, Anar, Vaqif Səmədoğlu, Rafael Hüseynov, Ayaz Salayev, Cəmil Quliyev, Eldar Quliyev, Kamal Abdulla, Fərhad Bədəlbəyli kimi parlaq nümayəndələri bir zaman televiziya verilişlərinin müəllif və aparıcıları qismində işləmişlər. Yeni nəsildən olan gənc diktor və aparıcılar öz adlı-sanlı sələflərindən geri qalmırlar. Rəşad Mehdili, Ruslan Həsənov, Nəcibə Əlixanova, Vüsalə Eyyubqızı, Rövşən Məmmədov, Nərmin Xəlilova, Rüfət Həmzəyev, Siyavuş Əliyev, Rəşad Hacıyev, İsmayıl Abdullayev, Tural Məmmədli, Nurlan Hacıyev, Tərlan şahinoğlu, Ramiz Mirzəzadə, Fərid Ramazanov, Mümtaz Xəlilzadə və başqaları belələrinə aiddirlər.
1988-ci ilin noyabr ayında, ölkəmizin tarixindəki ən kütləvi fasiləsiz mitinq zamanı, AzTV hətta xalqın özü üçün gözlənilmədən Bakının ən böyük meydanından translyasiya aparmağa başladı. Bu, əyani sübut idi ki, televiziya əməkdaşları mitinqi keçirənlərdən və orada iştirak edənlərdən heç də az vətənpərvər deyildilər, onlar da xalqın Qarabağ heysiyyatını, azadlığa meylini bölüşür, bununla yanaşı, cəmiyyəti 1 №li hadisə haqqında dürüst məlumatlandırmaqla, öz peşə borcunu vicdanla yerinə yetirirdilər. Təsadüfi deyil ki, 1990-cı ilin yanvarında, silahsız xalqa qanlı divan tutmağın ərəfəsində, Kremlin xüsusi xidmətləri ilk zərbəni məhz Azərbaycan Televiziyasına endirdi: enerji blokunu partlatmaqla, onu efirə çıxmaq imkanından məhrum etdi.

Yeni, artıq müstəqil Azərbaycanda həyata qədəm qoymuş çoxsaylı televiziya kanalları üçün kadr ocağı, mənbəyi olmaq kimi şərəfli və tarixi vəzifə də AzTV-nin payına düşüb. Bu kanalın bir çox jurnalisti, rejissoru, operatoru, quraşdırıcısı və digər yaradıcı, texniki, həmçinin inzibati işçiləri öz peşə fəaliyyətini müxtəlif televiziya kanallarında davam etdirmişlər və indiyədək müvəffəqiyyətlə çalışırlar. Son illər bəzi "keçmiş"lərin köhnə ocağa qayıtması halları da az olmayıb. Həmin faktlar o dərəcə ifadəlidir ki, şərhə ehtiyac qalmır...

Hazırda ölkəmizdə onlarca televiziya kanalı saymaq olar. Lakin "Azərbaycan Televiziyası" anlamı xüsusi mənada məhz "AzTV" adı ilə bağlıdır. AzTV-nin isə altmış il ərzində həm adı, həm strukturu dəyişib. O, dəfələrlə islahata uğrayıb, böhran və yüksəlişlər yaşayıb. Sonuncu dəfə kökündən yeniləşməyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında 2006-cı ildən etibarən başlanan kadr və struktur dəyişiklikləri təkan vermişdir.

Ənənəvi AzTV hazırda belə adlanır: "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti. QSC-nin tərkibində AzTV ilə yanaşı daha iki yeni telekanal – "Mədəniyyət" və "İdman Azərbaycan", həmçinin radio mövcuddur. Bir neçə il bundan əvvəl AzTV-2 kanalının bazasında İctimai Televiziya yaradılmışdır. QSC-də Televiziya Akademiyası, Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri, Niyazi adına Simfonik orkestr, Tofiq Əhmədov adına Estrada-simfonik orkestri, Vaqif Mustafazadə adına Vokal-instrumental ansamlı, Cahangir Cahangirov adına Xor, Əfsər Cavanşirov adına Uşaq xoru mövcuddur. Bir vaxtlar Azərbaycan Radiosunda ilk notlu Xalq çalğı alətləri orkestri yaradılmışdı. Onun əsasını müasir klassik Azərbaycan musiqisinin nəhəngləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayev (baba) qoymuşdular. Hazırkı musiqi kollektivləri üçün inkişaf etdirməyə parlaq mədəni dəyərlər və davam etdirməyə gözəl ənənələr var.

Azərbaycan Televiziyasının verilişlər proqramı əhalinin bütün yaş qrupları və sosial təbəqələri üçün nəzədə tutulmuş, onların intellektual səviyyə və maraqlarına hesablanmışdır. Bu, təkcə yerli və xarici cizgi, sənədli və bədii filmlərə deyil, həmçinin AzTV-nin öz istehsalı olan televiziya tamaşalarına da aiddir.


Kiçik məktəb yaşındakı balaları "Mən də uşaq olmuşam", "Dərsdən sonra", "Hazırcavablar" verilişləri sevindirir. "Əlaçı" intellektual oyunu yuxarı sinif şagirdlərinə ünvanlandırılmışdır. "Breyn-rinq", "61!", "Parlaq zəka", "Mən azərbaycanlıyam", "Müasir Azərbaycan gənci", "Tələbə dünyası", "Təmas nöqtəsi" kimi digər intellektual, öyrədici və əyləndirici oyun və verilişlər gənclər auditoriyası üçün nəzərdə tutulub. Sözün məlum mənasında sərhədsiz oyun olan "Nə? Harada? Nə vaxt?" verilişinin qarşısında isə, necə deyərlər, bütün yaşlarımızda acizik. O, rus dilində nümayiş etdirilir və Azərbaycan subtitrləri ilə müşayiət olunur. Oyunlarda rusdilli aləmin hər tərəfindən televiziya tamaşaçıları iştirak edirlər. AzTV-nin dublyaj studiyası ölkəmizdə nəinki ən yaşlı və təcrübəlidir, eləcə də cəlb olunan aktyor kadrlarının səviyyəsinə görə daha artıq dərəcədə peşəkardır.

Son illər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC öz efir proqramını duyulacaq dərəcədə yeniləşdirmişdir. Qurumun xarici görünüşü də dəyişib. Əlavə beşmərtəbəli korpus tikilib. Burada tok-şoular, intellektual oyunlar, ictimai-siyasi, informasiya və idman verilişləri üçün yeni yaradılmış çəkiliş studiyaları yerləşdirilib. Söyləmək artıqdır ki, həmin obyektlərin maddi-texniki təchizatı müasir tələblərə tamamilə cavab verir və ölkənin televiziya məkanında ən qabaqcıl avadanlıqdır. Bundan başqa, müəssisənin bütün ərazisi abadlaşdırılıb, binaların dəhliz və otaqları təmir olunub. Qeyd etmək lazımdır ki, AzTV-nin yeni korpusu yaxınlıqda yerləşən parlament binası və üç "Alov Qülləsi" ilə vəhdət mənzərə yaradır. Bunu hava qaraldıqda onların kompleks işıqlandırıldığı vaxt əyani görmək olur.

Əlbəttə, televiziya kanallarına şərəf gətirən başlıca amil – televiziya layihələrinin eksklüzivliyi və irimiqyaslılığıdır. Azərbaycan Televiziyasının kollektivi qürur hissi keçirir ki, dünyanın və Avropanın bir çox nüfuzlu idman qarşılaşmasını Azərbaycan tamaşaçısına məhz o, təqdim edir. Pekin və London olimpiadaları, Birinci Avropa Oyunları, futbol üzrə 2014-cü ilin dünya birinciliyi, Almaniya, İspaniya, İtaliya, İngiltərənin futbol çempionatları belələrinə aiddir. 2007-ci ildən etibarən Muğam müsabiqəsinin dəyişməz ünvanı – AzTV-nin canlı efiridir. Müsabiqə ölkədə və onun hüdudlarından kənarda yaradıcı və mədəni auditoriya tərəfindən fərəh və coşğunluqla qarşılanır. Bu gözəl layihə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Hazırda AzTV kanalında digər, dünyanın onlarca ölkəsində tanınan məşhur "The Voice" vokal yarışı davam edir. Onun uyğunlaşdırılmış adı "Səs Azərbaycan"dır. Müsabiqə artıq beynəlxalq miqyas alıb. Azərbaycan televiziyaçıları çəkilişləri əcnəbi həmkarları ilə birgə aparırlar. Yarışa qoşulanlar arasında ölkəmizin paytaxtından və bölgələrindən, eləcə də Ukrayna, Rusiya, Almaniya, Böyük Britaniya, Niderlanddan peşəkar və həvəskar müğənnilər vardır. Hamı üçün sevindirici haldır ki, müsabiqə bu vaxtadək geniş auditoriyaya tanınmamış istedadları aşkar edib.

1956-cı ildə Azərbaycanın təzəcə meydana çıxan televiziya tamaşaçısı iri ölçülü qəbuledicinin ekranında ilk verilişlərə baxaraq televizoru möcüzə, baş verənləri isə fantastika adlandırırdı. Bu – kosmik eradan əvvəlki dövr idi, Yer kürəsi fəzasından kənara nəinki insan, süni peyklər də hələ çıxmırdı. O zaman televiziya heç nə ilə müqayisə oluna bilməyən böyük bir sevinc idi və proqramlarının keyfiyyəti haqqında mülahizə yürütmək kimsənin ağlına gəlmirdi.

Hazırda televizorla heç kəsi təəccübləndirmək mümkün deyil. Nəinki bütövlükdə verilişə, həmçinin onun quruluş tərkibinə – ssenariyə, rejissuraya, operator işinə; aparıcıya; musiqi və nitq müşayiətinə; kostyumlara və sairəyə irəli sürülən tələblər çox yüksəkdir. Fərəhli haldır ki, ölkə televiziyasının 60 yaşlı veteranı təkcə həyat qabiliyyəti deyil, həmçinin parlaq peşəkarlığın qıvraq nümunəsi nümayiş etdirərək özünün fəaliyyət sahəsində bu gün də Vətəndə hamıdan irəlidə gedir.

Qafar Əsgərzadə
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru