Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Prezident İlham Əliyevə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Prezident İlham Əliyevə müraciət edib.

Nigar Köçərli Prezidentə müraciət etdi – Rəisin təhqir və hədələrinə görə

Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Prezident İlham Əliyevə müraciət edib.

AzNews.az xəbər verir ki, N.Köçərli Daxili İşlər Nazirliyinin dünənki açıqlamasından sonra ona qarşı qanunsuz işlər başladıla biləcəyindən ehtiyat etdiyini və təhlükədə olduğunu bildirib. Sahibkar Prezidentdən bu işi nəzarətə götürməsini xahiş edib. Müraciətin tam mətnini təqdim edirik:

"Dünən DİN-in mənim ünvanıma tam yalan və böhtanla dolu BƏYANAT verməsindən sonra başa düşdüm ki, vəziyyət mənim düşündüyümdən daha qəliz və təhlükəlidir. Mən DİN-ə müharibə elan etməmişəm. Sadəcə cinayətin araşdırılmasına nail olmağa çalışırdım. Lakin indi elə çıxır ki, cinayətkar mən özüməm? Yəni istənilən anda mənə qarşı cinayət işi saxtalaşdırıla bilər? Məni və "Əli və Nino"nu hansısa təxribata cəlb edə bilərlər?

DİN-in açıqlamasından sonra ailəmin və özümün qorxduğumu gizlətməyəcəyəm. Bu gecə atam və qardaşım təhlükəsizliyim üçün qorxduqlarından mənimlə birlikdə idilər. Bir çoxları mənə ölkədən getməyi məsləhət görür. Lakin mən bu barədə düşünmək istəmirəm - qoy, cinayəti törədənlər getsinlər.

Mən ziyalı ailəsində böyümüşəm, uşaqlıqdan qayğı və sevgiylə əhatə olunmuşam, təhsil və xeyirxahlığın gücünə inanaraq böyümüşəm. Həmişə məni ağıllı, xeyirxah, nəcib insanlar əhatə ediblər. Sahibkarlıqla məşğul olduğum illər ərzində mən qanunun gücünə ürəkdən inanaraq möhkəm olmağı öyrənmişəm. Dünənki hadisə isə mənim üçün tamamilə şok oldu.

Mən daxili işlər naziri Ramil Usubova müraciət edirəm!


Mən Nəsimi Rayon Polis İdarəsinə heç kimin müşayiəti olmadan getmişəm. Çünki Prezidentə şikayət etməyimin cavabında təhqir və təhdid olunacağım, daha sonra DİN-nin bəyanatında İdarə rəhbərliyinə hücum etməkdə günahlandırılacağım ağlıma belə gəlməmişdi. Mən əminəm ki, idarə rəisinin kabinetində videoçəkiliş həyata keçirilib. Xahiş edirəm, onunla tanış olun, sonra isə onu hamı üçün əlçatan edin. Mən bu məsələdə təkid edirəm.

Mən dövlət başçısı İlham Əliyevə müraciət edirəm!

Sahibkarlıq fəaliyyətim ərzində mən dəfələrlə məmur özbaşınalığı ilə qarşılaşmışam və sizə kömək üçün müraciət etmişəm (president.az saytı vasitəsilə). Hər dəfə bir qayda olaraq haqq-ədalət öz yerini tapıb. Siz ölkə məmurlarına sahibkarlara kömək etmək və dəstəkləmək tələbi ilə müraciət etdiyiniz bir zamanda mənim sizə şikayətim böhtana məruz qalmağıma səbəb olur. DİN-in ünvanıma böhtan dolu bəyanatı ilə tanış olduqdan sonra, başa düşdüm ki, istənilən an mənə qarşı qanunsuz əməllər həyata keçirilə bilər. Mən təhlükədə olduğumu hiss edirəm. Xahiş edirəm ki, bu işi şəxsi nəzarətinizdə saxlayasınız".

Qeyd edək ki, N.Köçərli dünən Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. İdarəyə gedən xanım sahibkar idarənin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, hədə-qorxuya məruz qalıb. Məsələ ilə bağlı ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.