“ABŞ siyasəti NATO–Rusiya qarşıdurmasının miqyasını müəyyən edir” – Həşim Səhrablı

"Orbanın mövqeyi prinsipial səslənsə də, reallıqla tam uyğun deyil. Əgər münaqişə Avropaya yayılarsa, Macarıstan kimi kiçik dövlətin neytral qalması praktik olaraq çətin olacaq. Bunun əsas səbəbi odur ki, ölkəni qoruyan NATO özü münaqişənin iştirakçısına çevrilə bilər. Belə şəraitdə Macarıstanın sərhədlərini qorumaq üçün alternativ imkanlar məhduddur və ortaya paradoksal vəziyyət çıxır: səni qoruyan qüvvələr münaqişədədirsə, təhlükəsizliyi kim təmin edəcək? ABŞ-nin siyasəti Avropa və Rusiya arasında qarşıdurmanın miqyasını müəyyən edir. Əgər Donald Trampın xarici siyasət yanaşması davam edərsə, NATO ilə Rusiya arasında açıq münaqişə ehtimalı azalır və qarşıdurma daha çox Ukrayna ərazisində lokal toqquşmalarla məhdudlaşa bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, Yaxın Şərqdə davam edən münaqişələr və qlobal geosiyasi gərginliklər beynəlxalq münasibətlər sistemində yeni risklər yaradır. Regiondakı hərbi qarşıdurmalar yalnız lokal təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, həm də böyük dövlətlər arasında münasibətləri formalaşdırır və gərginliyi artırır. Bu şəraitdə Avropada təhlükəsizlik məsələləri yenidən gündəmə çıxır və bəzi liderlərin açıqlamaları mümkün risklər barədə müzakirələri intensivləşdirir. Viktor Orbanın mövqeyinə görə, Avropa İttifaqının bəzi liderləri Rusiyaya qarşı hərbi addımlar atmağa hazırlaşır və Ukraynadakı əməliyyatları davam etdirmək niyyətindədirlər. Orban isə vurğulayır ki, Macarıstan bu prosesdə iştirak etməyəcək və ölkə, mövcud geosiyasi qeyri-sabitlik fonunda, sülh və təhlükəsizlik adası rolunu qoruyacaq.

Siyasi şərhçi bildirib ki, əgər Bayden xəttinə yaxın qüvvələr hakimiyyətə gələrsə, NATO ilə Rusiya arasında qarşıdurma ehtimalı daha yüksək görünür.

"Buna baxmayaraq, açıq hərbi qarşıdurma hər iki tərəf üçün ağır itkilər doğuracağından, belə bir ssenari hələlik ehtimal xarakteri daşıyır. Avropa İttifaqı əsasən iqtisadi birlikdir və hələ tam formalaşmış hərbi strukturdan uzaqdır. Son illərdə ümumi müdafiə təşəbbüsləri olsa da, hərbi qərarlar üzv dövlətlərin konsensusuna bağlıdır və bu, prosesləri ləngidir. Böyükmiqyaslı müharibə yalnız Rusiya münaqişəni Ukrayna ilə məhdudlaşdırmayaraq Polşa, Moldova və Ruminiyaya yayarsa qaçılmaz ola bilər. Əks halda, Rusiya lokal gərginliyi saxlayar və Avropa ölkələri genişmiqyaslı qarşıdurmadan qaçmağa çalışarlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az