Şəkiyə turist axını - 3 gündə 10 min insan gedib

Hər il olduğu kimi, bu il də Novruz tətili günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur.


Qeyri-rəsmi məlumata görə, tətil günlərində indiyədək Şəkiyə 10 min nəfərə yaxın turist gəlib. Bayram tətilinin hələ davam etdiyini nəzərə alsaq, həftənin sonunadək bu rəqəmin daha da artacağı gözlənilir.

Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Qoruğun direktoru Təranə Abdullayeva müsahibəsində turistlərə göstərilən xidmətlər barədə məlumat verib. Onun dediyinə görə, qoruğun ərazisindəki bütün muzeylərin, o cümlədən Şəki xanlarının sarayının qapıları səhər saat 8:30-dan axşam 20:00-dək qonaqların üzünə açıq olur. Rusiya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İrandan gələn turistlər üstünlük təşkil edir. Onlar Novruz bayramı münasibətilə qoruğun ərazisində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində təşkil edilən şənliklərdə də iştirak edir, xalqımızın qədim adət-ənənələri ilə yaxından tanış olurlar.

Qoruğun direktoru bildirib ki, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan "Şəki pitisi"nə, "Şəki paxlavası"na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.

Azərtac.az