- Köhnə - Cəmiyyət
- 5 Aprel 2016 12:15
- 5 114
Qubad İbadoğlunun təşkilatı qeydə alınmadı – Sənədlər yenə geri qaytarıldı

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.
Bu barədə AzNews.az-a sözügedən hərəkatın sədri Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, nazirliyin artıq ikinci dəfədir ki, təkrarlanan bu hərəkəti əsassızdır: "Nazirlik təsisçilərin imzasını irad eləmişdi. Biz də nizamnaməni və onun üz qabığında həmin şəxslərin imzalarını notarial qaydada təsdiq olunaraq nazirliyə göndərdik. Nazirliyin bizə iradları yersizdir. İradları bu olub ki, müraciət sədrin deyil, bütün təsisçilərin imzası ilə olmalıdır. Bu, ictimai hərəkatla bağlı olan qanunda nəzərdə tutulmayıb. Bizi qeydiyyata almaq istəmirlər".
Q.İbadoğlu qeyd edib ki, dünən bununla bağlı qurumun idarə heyətinin toplantısı olub: "Qərara aldıq ki, biz 3-cü dəfə Ədliyyə Nazirliyinə müraciət edək. Hüquqi baza olaraq bizdən nə sənəd tələb olunduğunu göstərsinlər. Biz bilmirik ki, onların iradları nədən ibarətdir. Biz 3-cü müraciətdən sonra yəqin ki, iradları öyrənmək üçün onlardan görüş də tələb edəcəyik".
Qeyd edək ki, Azərbycan Demokratiya və Rifah Hərəkatı (ADR) qeydiyyatıyla bağlı sənədlərini Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə yanvar ayında təqdim edib. Lakin nazirlik sənədləri geri qaytarıb.
Bahar RÜSTƏMLİ
AzNews.az