Azərbaycan iqtisadiyyatı 3,5% azaldı

2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub.

Əlavə dəyərin 39,0 faizi sənayedə, 13,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 16,0 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 7,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,5 faiz, qaz hasilatının 7,9 faiz, elektrik enerjisi istehsalının 6,7 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub.

Sənaye məhsulunun 63,3 faizi mədənçıxarma sektorunda, 28,7 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 1,2 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, tütün məmulatlarının istehsalı 87,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,2 dəfə, metallurgiya məhsullarının istehsalı 11,5 faiz, hazır metal məmulatlarının istehsalı 80,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,3 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,4 dəfə artmış, içkilərin istehsalı 9,3 faiz, geyim istehsalı 14,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 78,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,7 faiz, kağız və karton istehsalı 17,2 faiz, poliqrafiya məhsullarının istehsalı 4,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,9 faiz, tikinti materiallarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, mebel istehsalı isə 16,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artmış, neft sektorunda isə 1,3 faiz azalıb.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2016-cı il vəziyyətinə 336,2 milyon manatlıq hazır məhsul olub.

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28,0 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz, 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45,0 min hektar sahədə çoxillik otlar və 0,3 min hektar sahədə birillik otlar əkilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8828,0 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 1,8 faiz artaraq 111,8 min ton, süd istehsalı 3,2 faiz artaraq 440,9 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 407,0 milyon ədəd olub.

İlin əvvəlindən 15,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 16,0 faiz çox tərəvəz toplanıb.

2015-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.

2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2876,8 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunan vəsaitin 2529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125,0 milyon manatı (4,4 faizi) isə ümumi sahəsi 334,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitin 2013,4 milyon manatı və ya 70,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 48,1 milyon ton yük və 437,3 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,6 faiz azalmış, sərnişin daşınması isə 1,7 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Yüklərin 58,5 faizi avtomobil, 31,8 faizi boru kəməri, 7,0 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 372,8 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz artmış, bu sahədə əldə edilən gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

2016-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6793,4 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 1784,6 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 3429,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3363,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 2203,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 1223,4 milyon dollarını və ya 55,5 faizini ölkədən ixrac olunan məhsullar, 979,9 milyon dollarını (44,5 faizini) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 243,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 30,0 faiz, o cümlədən ixrac 20,6 faiz, idxal isə 42,7 faiz azalıb. Ticarət dövriyyəsinin 46,3 faizi Avropa İttifaqı ölkələrinin, 12,0 faizi MDB üzvü ölkələrinin, 41,7 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunan məhsulların dəyərinin 31,7 faizi Avropa İttifaqı ölkələrinin, 17,6 faizi MDB üzvü ölkələrinin, 50,7 faizi isə digər ölkələrin payına düşüb.

İxrac edilən məhsulların 58,0 faizi Avropa İttifaqı ölkələrinə, 7,5 faizi MDB üzvü ölkələrinə, 34,5 faizi isə digər ölkələrə göndərilib. 2016-cı ilin yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 46,4 faiz azalaraq 174,3 milyon dollar təşkil edib.

2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz artıb.

2016-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil edib.

2016-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 10303,5 milyon manata çatıb. Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,0 faizi isə yığıma yönəldilib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinə 3678,1 milyon manat vəsait daxil olub, büdcədən 2623,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 1054,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 8,4 faizi səviyyəsində olub.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin mart ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20327,4 milyon manat təşkil edib, onun 15565,9 milyon manatı uzunmüddətli kreditlər olub.

Kredit portfeli 2015-ci il mart ayının 1-i ilə müqayisədə 1,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,5 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il mart ayının 1-nə 8077,3 milyon manat təşkil edib.

Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,60 manata (ilin əvvəlindən 1,59 manata), 1 Avroya – 1,79 manata (1,75), 100 Rusiya rubluna – 2,28 manata (2,12) bərabər olub.