Uşaqlar da narkotik vasitələrlə bağlı cinayətə cəlb edilir

Ötən il Azərbaycanda narkotik vasitələrlə bağlı uşaqların da cinayətə cəlb edildiyi 7 cinayət hadisəsi qeydə alınıb.


AzNews.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Bu halı valideyn məsuliyyətsizliyinin nəticəsi kimi dəyərləndirən E.Səfərov bildirib ki, həmin cinayət hadisələri zamanı uşaqların da narkotik vasitələrin alqı-satqısına cəlb edilməsi, onların bu sahədə istismarı faktı qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə Trend-ə bildirib ki, bu gün istər narkomaniya, istərsə də insan alveri istiqamətində müəyyən cinayətkar qruplar məhz internet vasitəsilə uşaqları öz qurbanlarına çevirirlər. Buna görə də uşaqların internet təhlükəsizliyinin təminatı baxımından əsas məsuliyyət valideynlərin üzərinə düşür.

Onun sözlərinə görə, bəzi ailələrdə valideynlərin uşaqlarla az ünsiyyətdə olması, onlara diqqətin müəyyən qədər az olması ilə əlaqədar uşaqların həyatlarında müəyyən boşluqlar olur. Uşaqlar onları maraqlandıran suallara cavabları sosial şəbəkələrdən tapırlar: "Cinayətkar qruplar da məhz bu boşluqdan istifadə edərək uşaqları öz qruplarına cəlb edirlər. Buna görə də burada ən vacib məsələ valideynlərin gözüaçıq olmasdır".

A.Sofiyeva valideynlərə tövsiyə edir ki, uşaqların internet təhlükəsizliyinin təminatı üçün evdəki kompüterlərdə filtrləşdirilmiş proqramlardan istifadə etsinlər.