Vətəni qibləgah edən şəhidlər – VII Vətəni qibləgah edən şəhidlər – VII

Toyuna qurulan çadırda yasını verdilər – Daha bir qəhrəman şəhidimizin evindən reportaj

Vətəni qibləgah edən şəhidlər – VII


İnsan doğulduğundan ölümünə kimi yol gəlir. Heç fərqinə varmısınızmı?! Ana bətnindən ayrılan uşaq, o rahatlığından ayrıldığına görə ağlayır. Ancaq... Həyatın yaşam qanunu var. İnsan yaranışından bu günə kimi o qanunları poza bilmir. Kimin nə qədər yaşayacağını isə, biz deyil, Tanrımız, Allahımız müəyyən edir! Onun müəyyən etdiyi isə bizim alın yazımızdır. Və nə gözəl olur ki, o alın yazılarının içərisində , alnına "Vətən üçün doğulub" yazılanlar da olur.

Qəbələnin Bum qəsəbəsində Şirinovlar ailəsini hamı zəhmətkeş, ədəbli, mehriban bir ailə kimi tanıyır. Onların övladlarının acısını bu gün bütün qəsəbə birlikdə çəkir, ailənin dərdinə şərik olurlar.



Ailənin başçısı Həsrət Şirinovun iki oğlu, bir qızı var. Böyük oğlu Zaman Qafqaz Universitetinin maliyyə kredit fakültəsini bitirib. Kiçik oğlu isə leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub. 1992-ci il iyunun 24-də anadan olub. 3 il idi ki, Azərbaycan Ordusunda Hərbi qulluqçu kimi xidmət edirdi.


Gedib o Tərtərdə gəzim, bilim ki...

Bir qayda olaraq, Vətən qəhrəmanlarımızın evinə gedəndə əvvəlcə anaları ilə həmsöhbət oluram. Sahil Şirinovun anası mənə köhnə müharibə filmlərində keçmişdə var olan istedadlı rejissorlarımızın yaratdıqları ana obrazını xatırlatdı. Boynunu qucaqladım. Ananı bağrıma basıb, ağrısını ürəyimə çəkmək istədim. Məni Sahilin yatdığı otağa apardı. Göz yaşlarını sildi. Məğrur görkəm alıb, nə istəyirsən soruş. Biz sadə və sakit adamlarıq. Bütün suallarına cavab verəcəyəm, - dedi.



- Bizim var-dövlətdə, mal-mülkdə gözümüz olmayıb. Allah verən ruzi ilə razılaşıb, yaşamışıq. Evimizə haram tikə girməyib. Uşaqlarımızı kartof soyutması, qışqan kətəsi ilə böyütmüşük. Kiçik oğlum Sahil hərbiçilik sənətini özü seçmişdi. Böyük oğlum Zaman isə Şəkidə bank sistemində işləyirdi. Aldığı əmək haqqını da yola xərcləyirdi. Bu boyda rayonda ona ailəsini dolandırmaq üçün bir iş verən olmadı. Bu gün də işsizdir. Sahil balam leytenant idi. Hərbiçiləri kəşfiyyata hazırlayırdı. Dəstə komandiri idi... Aprelin 5-i günü səhər tezdən dünya-aləm köksümə sığmırdı. Zamanın oğlu 6 aylıq köpədir. Uşaq təzə anadan olanda rayondan xəstələndi. Təcili Bakıya uşaq xəstəxanasına aparmalı olduq. Özünüz bilirsiniz də xəstəxanaları. Əlimizdəki pulumuz elə bir günə qurtardı. Elə həmin axşamı, Sahil pul göndərdi ki, uşağı tez sağaltsınlar. Bəlkə də bu gün nəvəmin sağ qalmasında Sahilin haqqı var. Evimizin əyər- əksiyini düzəltmək üçün bankdan kredit götürdük. Onu da hər ay Sahil ödəyirdi.

Mənim oğlum doğrudan Vətənpərvər idi. Evə gələndə səs-küyü həyəti başına götürürdü. Səsini başına atıb "Şuşanın dağları başı dumanlı", "Qarabağ şikəstəsi" oxuyardı. Deyirdim, ay bala, qonşulardan ayıbdır. Deyirdi ki, ana, qoy qonşular bilsin ki, bizim həyətdə də insan yaşayır...



Qəhrəmanımızın anası Şəhlanın və atası Həsrətin böyük qızları Şəlalədən iki nəvəsi, oğlu Zamandan isə 1 nəvəsi var. Kiçik nəvəsi indi 6 aylıqdır. Analara hər şey əyan olur, axı, - deyib, söhbətinə davam edir. Həmin günü səhər tezdən ürəyim sıxılmağa başladı. Heç vaxt durduğum yerdə ağlamaram. Bizim evdə kasıbçılıq olub, ancaq qəm-kədər olmayıb. Keçdim nəvəmi yatırmağa. Layla çalanda, birdən oxudum ki, "Ay uçan quşlar, Sahilimdən mənə bir xəbər deyin..." və ağlamağa başladım. Sonra özümü danladım ki, mən niyə ağlayıram?!

... Aprelin 5- axşam balamın bayrağa bükülmüş tabutunu gətirdilər.



Allahın altında neyləyə bilərdim ki, sevdiyi Vətən yolunda canını qurban edib. Rəhmətlik atam kimi hündür boylu idi. 1 metr 95 santimetr boyu var idi. Oğlum Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub. Cəbhə dostları dedilər ki, döyüş meydanında qəhrəmanlıq göstərib. Dostunun qolları arasında canını tapşıranda şəhadət gətirib. Döyüşçü dostları dedilər ki, Sahilin qanını elə həmin dəqiqə alıblar. Deyilənə görə, komandirləri Raqub Orucovla eyni yerdə həlak olublar. İndi dövlətdən başqa umacağım yoxdur. Oğlumun adını uca tutsunlar. Bir onu istəyirəm ki, alınan torpaqları geri verməsinlər. Gedib o Tərtərdə gəzim, bilim ki, balamın ayağı dəyən yerlərdir. Bir də ki, kəndimizə gələn yolda körpü sınıb, tökülüb. Oğlumun adını tutub, başsağlığına gələn adamlar, Duruca çayından keçəndə dizəcən suya batırlar. Balama xətir, şəhidliyinə ehtiram olaraq o çayın üstündən bir körpü salsalar, kənd adamı da rahat yol gedər. Bizim Bum qəsəbəsinin adamları var ki, çay almağa pul tapmırlar. Bu günlərdə evimizə nə gəlirsə, kəndin kasıb-imkansız adamlarına paylayıram. Dünya malında gözümüz yoxdur. Bilirsiniz ki, cavan adamın ehsanı yeyilmir. İnanın ki, o qazanda bişirilən yeməyi qapı-qapı pay göndərirəm. Qoy balamın ruhu şad olsun. Hə...sonda bir maraqlı əhvalatı da danışım sizə. Sahilimi dəfn edən günün səhəri, obaşdan ayılıb, namazımı qıldım. Sonra bəzi ləvazimatları götürüb, balamın toy çadırına keçdim. Onu mart ayında nişanlamışdım. Deyirdim yayda toyunu edərəm. Mən bu çadıra toy çadırı kimi baxıram. Özümə qəsd etmək istədim. Birdən hardansa iki quş peyda olub, başımın üstündə üç dəfə dövrə vurub, hay-küy saldılar, sonra uçub getdilər. Elə bil yuxudan ayıldım. Allahdan, bağışlanmağımı istəyib, özümü öldürmək üçün götürdüyüm əşyaları aparıb yerinə qoydum. O gözəllikdə oğulu itirib , dözmək çox çətindir. Ancaq dözəcəm. Yaşamaq lazımdır. Oğlumun canını qurban verdiyi, Vətən torpağımızın QƏLƏBƏsini görmək üçün!


Qəhrəmanlar karvanında bir əsgər də...



Sahilin yas məclisini yola vermək üçün qurulmuş çadıra keçdim. Atası ilə tanış oldum. Dünyanın gərdişindən, müharibələrdən, savaşlardan danışdıq. Həsrət qardaş dedi ki, neyləməli, bu da bizim qismətimiz, alın yazımızıdır. Söhbətimizin şirin yerində Qazaxıstanın Astana şəhərindən bir telefon zəngı gəldi. Baxdım ki, Beynəlxalq Türk Akademiyasının prezident Darhan Xıdıroğludur. Vətənimiz bu müqəddəs savaşa başlayan gündən Darhan bəyin məsafəcə uzaq, qəlbcə yaxın Astanada nələr çəkdiyindən, narahatlığından xəbərdar idim. Ona bir şəhid ailəsinin dərdinə şərik olmaq üçün ziyarətə gəldiyimi dedim. Sevindi, xahiş etdi ki, şəhidimizin atası ilə danışmağa ona imkan yaradım. Telefonun səsgücləndirisini açıb, Həsrət Şirinova verdim. O başdan titrəyişli bir səslə Darhan əfəndimizi MƏQAMI MÜBARƏK şəhid atasına bunları dedi:

- Şəhidimizin əziz atası! Əvvəla Sizə, ailənizə və qohumlarınıza baş sağlığı verirəm! Başınız sağ olsun! Vətən sağ olsun! Sizinlə birlikdə biz də həmin ağrıları yaşayırıq. Çünki Vətən torpağı üçün şəhid düşən balanız hamımızın qardaşıdır! Türk dünyasının qəhrəman övladıdır! Kültəkin və Atilla kimi, Teymur və Babur kimi, Alparslan və Bayburs kimi böyük qəhrəmanlarımızın karvanına ürəkli bir əsgər kimi qatılıb. Bilirsiniz ki, Vətən üçün şəhid olanalara "öldü" deməzlər. Onlar uçmağa, cənnətə düşürlər və əbədi olaraq bizimlə yaşayacaqlar. Onların ruhu da Vətəni qoruyacaq. Onlar ata-analarına və yaxınlarına şəfa verərlər. Biz torpaqlarımızın azadlığı uğrunda, qayıdışı uğrunda canlarını fəda edən şəhidlərimizlə öyünürük və Sizə belə bir ÖVLAD yetişdirdiyiniz üçün minnətdarıq! Ümid edirəm ki, şəhidi qanlarıyla təkrar Vətən olan Qarabağ onların xatirələriylə yaşayacaq!"



Darhan əfəndi, başqağlığını, uğurlamasını bitirəndən sonra, Həsrət Şirinov ona bir neçə kəlmə ilə minnətdarlıq etdi. Ancaq, bayaq gördüyüm Həsrətin gözlərində qəribə indi bir işıq, sevinc var idi. Böyük türk oğlundan eşitdiyi sözlər, qəhrəman oğlu Sahilin hansı mərtəbəyə sahib olmasını ona bir daha aydınlatdı. Evin kişisi Həsrət bizi şax qaməti, şax duruşu ilə yola saldı. Şəhadətin mübarək olsun , Sahil Şirinov!



Şirinovlar ailəsini tərk edəndə qədim yunan filosofu Biant Prieninin bir fikrini xatırladım: "Bədbəxt o kəsdir ki, dərdi daşıya bilmir"

Aida Eyvazlı
AzNews.az