- Köhnə - Cəmiyyət
- 5 May 2016 13:28
- 10 712
Hərbi ekspert: “Ağır nəticələrə gətirib çıxaracaq hadisələr sürətlə yaxınlaşır”
“Son günlər Qarabağ ətrafında o qədər maraqlı, bəzən ziddiyətli, bəzən ümidverici və ya əksinə, narahat edən hadisələr baş verir ki, adam çaş-baş qalır. Prinsip etibarilə məsələnin incəliklərindən xəbərdar olanlar yaxşı anlayır ki, nə isə olmalıdır və olanlar da xalqımızın, dövlətimizin xeyrinə olacaq”.
Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərov deyib.
Ü.Cəfərov qeyd edib ki, ölkənin hərbçiləri və mülki vətəndaşları da əvvəlki illərdən çox-çox fərqli bir durumda öz işləri ilə məşğuldurlar: "Amma bəzi "əmmalar" var ki, o olmasa, bəlkə də biz çoxdan bu "illərin yarasını" sağaltmışdıq. Bu açıq şəkildə bu məsələnin, yəni Qarabağ düyününün açılmaması, münaqişənin tez bir zamanda nəhayət ki, həll olunmasını istəməyən qüvvələrin, onların da başında ölkəmizə heç vaxt səmimi münasibəti olmayan Ermənistan və birbaşa havadarı olan Rusiyanın min hoqqalardan çıxan siyasətçiləridir. Bu gün Ermənistan parlamenti Dağlıq Qarabağ separatçı rejiminin tanınması ilə bağlı layihəni müzakirəyə çıxarmağa hazırlaşır. Bu təşəbbüsün də müəllifləri müxalif İrs Partiyasından deputat Zarui Postancyan və eks-baş nazir, hazırkı deputat Hrant Baqratyandır. Bu həmin eks-baş nazirdir ki, keçən həftə Azərbaycanı "atom bombası" ilə hədələmişdi. Bu bədbəxt deyəsən, erməni konyakının təsiri altında bəzən nə sayıqladığının fərqində olmur. Gah özlərini düşdükləri panik durumdan xilas etmək üçün hansısa mifik "İsgəndər-M" raketləri ilə, gah "çirkli və atom bombaları" ilə, indi də Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması deyilən bir reallıqdan uzaq olan bir mənasız oyunlarla qorxutmaq istəyirlər. Azərbaycanın sərt münasibəti ilə üzləşən və vəziyyətin onlar üçün kritik olacağını hiss edən Ermənistan və havadarları gecəynən fikirlərindən vaz keçdilər. Və adını da qoydular ki, guya bunların qondarma "dövlətini" əvvəlcə qoy başqaları tanısın, sonra isə İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Ermənistanın Rusiyadakı "kuratoru" Kalantaryan- o həm də Rusiya xarici işlər naziridir- Sergey Lavrov dünən bəyan edib ki, guya "yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır". Baxın, bunlar nə qədər əqidəsiz və vicdansız adamlardılar ki, regionda hər an başlaya biləcək və çoxsaylı insan itkisinə gətirib çıxaracaq silahlı toqquşmanın olmasını belə sakitcə qarşılıylır və öz bildikləri kimi hərəkət edirlər". "Özünü "çox ağıllı" göstərmək istəyir" Üzeyir Cəfərovun sözlərinə görə, aprelin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni-rus hərbi-siyasi rəhbərliyinə yaşatdıqları acı durumdan şoka düşən həmin o Putin-Lavrov cütlüyü başda olmaqla, Azərbaycana minnətçi düşən Rusiya təcili sürətdə Ermənistanı canlı qüvvə və silah-sursatla təchiz edir: "Sual olunur: Sizin məqsədiniz əgər regionda sülhə, əmin-amanlığa xidmət etməkdirsə, kişi kimi bu işlə məşğul olun. Yox, əgər sizin çox çirkin və bəd niyyətləriniz varsa, bu, elə sizin öz başınızda çatlıyacaq. Guya Lavrov bilmir ki, regionda hər an ağır nəticələrə gətirib çıxaracaq hadisələr sürətlə yaxınlaşır? Gözəl bilir bu tülkü.
Sadəcə özünü "çox ağıllı" göstərmək istəyir".
Ekspert qeyd edib ki, Azərbaycanda da bəzi heç də ürək açmayan tendensiyalar nəzərə çarpmaqdadır: "Kimlərsə səfərbərliyin olub-olmamasını çox böyük "maraqla" müxtəlif rakurslarda müzakirə edir. Xatırladım ki, ehtiyatda olan hərbi vəzifəlilərin bütün ölkə üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılıb və indi də bu istiqamətdə bəzi işlər intensivləşdirilib. Həmçinin, aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir ki, bu da normal bir prosesdir. Vətənimizin 20 faizdən bir qədər çox hissəsi 20 ildən artıqdır ki yağı düşmən və onun havadarlarının tapdağı altındadır. Bu işğala kimsə kənardan deyil, biz özümüz son qoymalıyıq. Müharibədə də bizim Azərbaycan Vətəndaşının əvəzindən kimsə gəlib burda bu işi görməyəcək. Nə bilim pula görə, ya başqa səbəblərdən bunu görəcəksə, onda biz nəyə lazımıq? Vəziyyəti dramatikləşdirməmək üçün qısa olaraq qeyd edirəm ki, hamımız - bir nəfər kimi hər şeyə hazır olmalıyıq. Bu bizim missiyamızdır və tarix də bizi bağışlamayacaq ki, əgər biz üzərimizə düşən bu şərəfli vəzifəni sonacan yerinə yetirməsək. Qüdrətli və rəşadətli Silahlı Qüvvələrimiz ətrafında sıx birləşərək Qarabağımızı düşmən caynağından nəhayət ki xilas etməliyik".
Cebhe.info