TQDK-dan Misir Mərdanova cavab - QALMAQAL

Nazirlik etik davranış qaydalarını kobud şəkildə pozub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin məlumatına və nazirin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bununla bağlı TQDK-dan AzNews.az-a verilən açıqlamada qeyd olunur ki, TQDK sədri Məleykə Abbaszadənin Komissiyanın 20 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlərin Təhsil Nazirliyi tərəfindən siyasiləşdirilməsi cəhdləri və bu fikirlərin əsassız, böhtan olması kimi qeyri-etik ifadələrlə cavablandırılması təəssüf hissi doğurur: "Bununla da nazirlik tərəfindən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbləri kobud şəkildə pozulub".

Açıqlamada xatırladılır ki, TQDK sədri M.Abbaszadə "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələrinin keçirilməsi ilə bağlı fikirlərini, nazirliyin iddia etdiyi kimi, müxalifət mətbuatında yox, noyabrın 24-də TQDK-nın 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda müzakirəyə çıxarılmış "İmtahan cavablarının statistik təhlilinin nəticələrinin təhsilin planlaşdırılması və keyfiyyətinin yüksəldilməsi üçün istifadə olunması" mövzusunda müzakirələr zamanı səsləndirib: "Həmin tədbirə dəvət olunmalarına baxmayaraq, nazirlik nümayəndələrinin gəlməməsi və Komissiya sədrinin bu və digər fikirlərini mətbuatdan oxumaları və öz bildikləri kimi şərh etmələri isə bizim günahımız deyil".

Daha sonra TQDK sədrinin sözügedən tədbirdə səsləndirdiyi fikirlər olduğu kimi təqdim olunub: "Biz keçirdiyimiz qəbul imtahanlarından sonra həmin imtahanların elmi təhlilini aparırıq və növbəti imtahanların təkmilləşdirilməsi sahəsində istifadə edirik. Orta məktəbləri idarə edən şəxslər qəbul imtahanlarının nəticələrindən səmərəli istifadə edə bilərlər. Mən mətbuatda izləyirəm. "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələri keçirilir. Bizdə qəbul imtahanlarının nəticəsinə görə 12 il ərzində yüksək nəticə göstərən orta məktəblər haqqında statistik məlumat verilir. Hər ilin yüksək nəticə göstərən məktəbləri də var. Amma stabil olaraq son 10-12 il ərzində orta statistik ölkə nəticələrindən fənlər üzrə daha yüksək nəticə göstərən məktəblərin siyahısı bölgələr üzrə təqdim olunur. Mən izləyirəm ki, bu məktəblər həmin o müsabiqədə qalib gəlirlərmi?! Təəssüflər olsun ki, çox az hallarda biz bunu görürük".

Açıqlamada qeyd olunur ki, bu tədbir elmi konfrans olduğundan orada səslənən fikirlər də sırf bu müstəvidə olub və gələcəkdə bu və digər təkliflərin nəzərə alınmasının məqsədəuyğunluğu bildirilib: "TQDK sədrinin xüsusilə bölgələrdə fəaliyyət göstərən və müxtəlif fənlər üzrə stabil olaraq yaxşı nəticələr əldə edən orta ümumtəhsil müəssisələrinin həvəsləndirilməsini önə çəkməklə bağlı olan fikirlərinə 3 gün ərzində tapılmış cavabda isə Komissiya sədrinin əsaslandığı mənbəyə deyil, tamamilə fərqli məlumata istinad olunub. Nazirliyin yaydığı məlumatda deyilir: "…2012-ci ilin nəticələrinə gəldikdə isə, TQDK-nın rəsmi saytının statistik bölməsində ölkə üzrə ən yüksək bal toplayan 36 məktəbin siyahısı verilib…" Əvvəla, balı məktəb yox, məktəbin şagirdi toplaya bilər. İkincisi, Komissiya tərəfindən 2012-ci ilin nəticələri hazırlanma mərhələsindədir və bunlar hələ ki, Komissiyanın saytında yerləşdirilməyib. Söhbət 2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarının təhlilindən gedə bilər ki, görünür, "2012" sözü nazirlik rəsmilərini çaşdırıb ki, bu, təhsil sahəsində çalışan sıravi işçi üçün belə qəbahət sayılmalıdır. Komissiyanın ali məktəblərə 2011-ci ildə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş "Abituriyent" jurnalının 12-ci sayının elektron versiyasında (Komissiyanın rəsmi internet saytında statistik təhlil bölməsində yerləşdirilib) səh. 99-da "Abituriyentlərinin sayına nəzərən yüksək ballılarının faizi daha çox olan təhsil müəssisələri"nin (məktəblərin) siyahısı təqdim olunub. Nazirlik tərəfindən hazırlanan cavabda həmin siyahıya istinad olunmaqla TQDK sədrinin tənqidi fikirlərinin əsassız olması barədə görüntü yaratmağa cəhd olunub. Eyni mənbədə (səh. 300) son 12 ilin nəticələrinə görə bölgələrin fənlər üzrə fərqlənən ümumtəhsil məktəblərinin siyahısı təqdim olunur. TQDK sədri məhz bu statistikanı məktəblərin fənlər üzrə stabil göstəricisi kimi daha səhih məlumat olduğuna əsaslanaraq, yuxarıda qeyd olunan fikirlərini səsləndirib. Bu elmi-statistik təhlillər pedaqoji ictimaiyyət, təhsili idarə edən və təhsil verən qurumlar üçün mövcud çatışmazlıqları müəyyənləşdirmək və problemlərin aradan qaldırılması yollarını araşdırmaq üçün əvəzsiz mənbədir. Ümid etmək istərdik ki, Təhsil Nazirliyi tərəfindən həmin təhlillər də nə vaxtsa "müxalifət mətbuatında yazılanlar" qədər maraqlı olacaq. Nazirliyin açıqlamasında bu müsabiqənin məktəblərin fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparıldığı qeyd olunur. Halbuki həmin qaydalarla tanış olduqda orada 9 meyarın və əlavə göstəricilərin müəyyən olunduğu qeyd olunur ki, bunlar arasında məzunlarının ali məktəblərə son 3 ildə yüksək bal toplaması və son 3 ildə qəbul imtahanlarında məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması qeyd olunur.
Beləliklə, TQDK sədri orta məktəblərin, xüsusilə bölgələrdə yerləşən və son 12 il ərzində stabil olaraq fənlər üzrə fərqlənən ümumtəhsil məktəblərinin qeyd olunan müsabiqədən bir sıra hallarda kənarda qalmasını nəzərdə tutub".

Elnur
AzNews.az