Səlim Müslümov: “...onda ünvanlı sosial yardım həmişəlik dayandırılacaq”

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Azərbaycanda ünvanlı sosial yardımların dayandırılması ilə bağlı Milli Məclisin bəzi deputatlarının təklif və fikirlərinə münasibət bildirib.


Nazir Modern.az saytına açıqlamasında məsələ ilə bağlı bunları deyib:

"Fikirlər səslənir ki, ünvanlı sosial yardımı hökumətlər qısa bir dövrü üçün tətbiq edir. Bilirsiniz, əsas məsələ odur ki, ünvanlı sosial yardım ailələrin gəlirlərində qapadıcı, tamamlayıcı həlqədir.

Əgər ailələrdə ehtiyac meyarının norması ünvanlı sosial yardımın normasından yuxarıdırsa, əlbəttə o zaman ünvanlı sosial yardım almağa ehtiyac olmayacaq".

Səlim Müslümov ölkədə yeni iş yerlərinin açılacağı və ailələrin gəlirlərinin artacağı halda ünvanlı sosial yardımlara ehtiyacın qalmayacağını bildirib:

"Ailələrin gəlirlərinin də artmasının birinci meyarı onların çalışması və əmək haqlarının, yəni məşğulluqdan gəlirlərinin artmasıdır.

Hazırda neft erasından postneft erasına keçid gedir. Bu proses başa çatdıqdan sonra iş yerlərinin sayının sürətlə artması gözlənilir.

O zaman ailələrin gəlirləri onların əmək qabiliyyətlərinə uyğun şəkildə artdıqda, onda ünvanlı sosial yardımların verilməsi avtomatik şəkildə ardan qalxacaq".

Nazir əlavə edib ki, hətta Rusiya Federasiyası da bu gün Azərbaycandakı avtomatlaşdırılmış ünvanlı sosial yardım praktikasının öyrənməyə başlayıb:

"Rusiya kimi böyük dövlət bu yaxınlarda Azərbaycanın sosial müavinətlər sahəsindəki təcrübəsini öyrənmək üçün nümayəndə heyəti göndərmişdi. Onlar Azərbaycandan avtomatlaşdırılmış ünvanlı sosial yardım sistemini öyrənmək istəyirlər.

Onlar Azərbaycanın bu sahədəki işinin son dərəcə proqressiv olduğunu görüb Rusiyaya qayıtdıqdan sonra bunu öz ölkələrində məruzə etdilər. Rusiyada maliyyə nazirliyi də belə bir təşəbbüslə çıxış etdi ki, o ölkədə də yoxsulluq müavinəti adı altında ünvanlı sosial yardım tətbiq edilsin. Digər ölkələrdə də bu çox uğurla həyata keçirilir".

Xatırladaq ki, Milli Məclisin bir neçə deputatı Azərbaycanda ünvanlı sosial yardımların dayandırılmasını və əhalinin ələbaxımlığının qarşısının alınmasını təklif etmişdi.

AzNews.az