“Görünür, ittifaqın Hökumət evində yerləşməsini özləri üçün təhlükə sayıblar”

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Kinematoqrafçılar İttifaqını ofisindən çıxartsa da, bunun səbəbini hələ izah etməyib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisi Hökumət evində yerləşib. Paytaxt rəhbərliyi ofisi yanvarın 23-də boşaltdırıb. İttifaqın əmlakı, o cümlədən sənədlər Hökumət evinin zirzəmisinə yığılıb.

Yanvarın 25-də ittifaqın katibi Əli İsa Cabbarov "Media forum" saytına deyib ki, ofisin nə üçün alındığı barədə indiyədək onlara heç bir rəsmi sənəd göstərməyiblər: "Mənə elə gəlir ki, heç göstərməyəcəklər də".

Əli İsa Cabbarov bildirib ki, ittifaqın sədri Rüstəm İbrahimbəyov Bakıda olmadığı üçün meriyanın bu qərarını hələ müzakirə etməyiblər: "Ofisə görə məhkəməyə müraciət etməkdənsə məsələni danışıqlar yolu ilə, işgüzar qaydada Bakı şəhər meriyası ilə həll etməyin tərəfdarıyıq. Onsuz da Kinematoqrafçılar İttifaqı ətrafında durum gərgindir. Buna görə də ittifaqın sədri ilə məsləhətləşib, bizə yeni ofisin təqdim etməsi üçün paytaxt rəhbərliyinə müraciət edəcəyik. Görünür, bizim ofisin boşaldılması haqda qərar qəbul edən adamlar ittifaqın Hökumət evində yerləşməsini özləri üçün təhlükə sayıblar.

Yeni ofis tapmaq üçün gələn həftədən aidiyyəti orqanlara müraciət edəcəyik. İttifaqın problemi tək ofis deyil. Bizi Ədliyyə Nazirliyi və Vergilər Nazirliyi də yoxlayır. Sənədlərimizin isə hamısı zirzəmidədir. Gərək kargüzarlığı, mühasibatı bərpa edək. Gələn həftədən ofissiz də olsa, fəaliyyətə başlayacağıq. Bizim təşkilatın qeydiyyatı ləğv olunmayıb".

Əli İsa Cabbarov vurğulayıb ki, Kinematoqrafçılar İttifaqında yaradıcı adamlar birləşib və onların hamısı kinonu sevən insanlardır: "Kinematoqrafiya uğrunda bulvarda da yığışa bilərik. Biz onsuz da icarə haqqı ödəyirdik, yenə də icarə haqqı ödəyib bir yerdə oturacağıq. Əslində ofissizlik bizə tam mane ola bilməz. Amma istərdik ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Kinematoqrafçılar İttifaqının mədəniyyət qarşısında 40 ildən artıq xidmətini nəzərə alıb, xoş niyyət, xoş məram nümayiş etdirib bizə əlverişli yer təklif etsin".