Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Azərbaycanlı milyonçu, mеsenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anadan olmasından 193 il ötür.

AzNews.az xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev Tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı Tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və 1901-ci ildə 325 min manatlıq vəsait sərf edərək şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir. Bu, bütün Zaqafqaziyada yeganə qız məktəbi idi.

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.

O, müsəlmanların mənafeyi ilə ictimai-siyası məsələlərdə daim fəallıq göstərib, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və b. kitabları çap olunub.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "H.Z.Tağıyev" şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçiblər.

1879-cu ildə Bakıya su kəməri çəkdirib. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olublar. N.Nərimanov, M.Əzizbəyov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məmmədova və b. H.Z.Tağıyevin köməyi sayəsində təhsil alıblar.

H. Z. Tağıyev 1924-cü il sentyabr ayının 13-də Mərdəkanda vəfat edib, Axund Əbuturab məqbərəsində dəfn edilib.

image description image description