Magistraturaya yeni qəbul qaydaları təsdiqləndi

Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nı təsdiqləyib.

NK-dan Trend-ə verilən məlumata görə, magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. 1-ci mərhələ bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi, 2-ci mərhələ ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üzrədir.

Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bakalavrlar test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər.

“ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistra­turalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfin­dən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir.
Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.

Elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçməli və həmin təşkilatda müsahibədə iştirak etməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər.

Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı və dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.